SAM-dan SİA-ya verilən məlumata görə, səfər çərçivəsində Afinada SAM və Qara Dəniz Beynəlxalq Araşdırmalar Mərkəzi (İCBSS) arasında əməkdaşlığa dair Memorandumun imzalanması planlaşdırılır. İmzalanacaq sənəddə tərəflər arasında toplantıların, görüşlərin keçirilməsi, birgə araşdırmaların aparılması, müxtəlif sahələr üzrə qarşılıqlı əməkdaşlıq və s. məsələlər nəzərdə tutulub.
Strateji Araşdırmalar Mərkəzinin nümayəndə heyəti Afinaya səfər müddətində SAM və İCBSS-in birgə təşkilatçılığı ilə "Yunanıstan-Azərbaycan Yaşıl Enerji Forumu" çərçivəsində "Enerji sahəsində əməkdaşlıq və Qara Dəniz hövzəsində ətraf mühitin qorunması" mövzusunda noyabrın 29-u təşkil olunacaq konfransda iştirak edəcək.
Tədbirdə Yunanıstan-Azərbaycan münasibətləri, ətraf mühitin qorunması siyasətinin təbliği, təmiz enerji modelinin qəbulu kontekstində iqtisadi əməkdaşlıq məsələləri əsas müzakirə mövzuları olacaq.
Səfər çərçivəsində nümayəndə heyəti Yunanıstanın dövlət rəsmiləri və beyin mərkəzlərinin rəhbərləri ilə görüşlər keçirərək, iki ölkənin analitik institutları arasında elmi-tədqiqat sahəsində əməkdaşlığa dair bir sıra regional əhəmiyyətli strateji layihələr ətrafında geniş müzakirələr aparacaq.