Azərbaycanın Yevlax şəhərində cəmi bir qəzet nəşr olunur, o da "Kür"dür. SİA-nın bu şəhərə ezam olunmuş əməkdaşı olaraq qəzetin də qonagı oluruq. Rayonun mərkəzində yerləşən redaksiyada olduqca isti və mehriban ab-hava var. Uzun illərdir çiyin-çiyinə çalışan kollektivin peşəkar üzvləri həm də çox gülər üz idilər.
Yevlaxda mətbuatın yaranma tarixi bu rayonun yaranma tarixi ilə eyni zamana təsadüf edir. 1935-ci ilin fevralında Yevlax rayonu təşkil edilib. Rayon İcra Komitəsinin ilk qərarlarından biri 1935-ci il 26 fevral tarixində yerli qəzetin nəşrinə başlanılması ilə bağlı olub. Beləliklə, \"Yeni Yevlax\" qəzetinin ilk sayı 1935-ci il martın 6-da işıq üzü görüb. Qəzetin ilk redaktoru İbrahim Əliyev olub. Sonralar \"Yeni Yevlax\" qəzetinə Əli Bünyadzadə, Ağamirzəyev, Adil Elçiyev, Sədrəddin Civəzadə redaktorluq ediblər. 1959-cu ilin iyununda qəzet öz fəaliyyətini dayandırana qədər Bala Yusifov ona başçılıq edib. 1962-ci ilin iyunundan Qasım İsmayılov (Goranboy), Mingəçevir və Yevlax rayonlarının birləşmiş qəzeti olan \"Qələbə\" nəşrə başlayıb. \"Qələbə\" qəzeti sonradan \"Mübariz\" adı ilə 3 il nəşr olunub və o da fəaliyyətini dayandırıb. 1965-ci ilin yanvarında isə Yevlax rayonunun yenidən təşkili və şəhər, eləcə də rayon qəzetlərinin nəşrinin yenidən bərpası ilə əlaqədar olaraq \"Təşəbbüs\" qəzeti fəaliyyətə başlayıb. Qəzetin ilk sayı 1965-ci il iyunun 22-də işıq üzü görüb. 1991-ci ildə \"Təşəbbüs\" qəzetinin fəaliyyətinə xitam verildi və əsası \"Yeni Yevlax\"la qoyulan rayon mətbuatının sələfi kimi 1992-ci il yanvarın 1-dən \"Kür\" qəzeti nəşrə başladı.
Rayonun yeganə mətbu orqanı olan "Kür" qəzeti Yevlax Rayon İcra Hakimiyyətinin sərəncamı ilə ışıq üzü görüb.
Bu gün 7100 tirajla çap olunan qəzet 4 səhifədən ibarətdir, amma bəzən 8, 12 səhifə, hətta jurnal şəklində də nəşr olunur. Qəzetin 13 nəfər işçisi var. Kollektivin üstün cəhətlərindən biri də odur ki, orada müxbir və redaktor vəzifəsində çalışan şəxslər başqa peşə sahibləri deyil jurnalistika fakültəsinin məzunlarıdır.
Onların sırasında baş redaktor Əminə Yusifqızıdan başqa şöbə müdiri Ramiz Həmidov, müxbirlər Züleyxa Bəşirova, Xanım Nəsibova, dizaynerlər Afaq Bayramova, Natiq Cəfərov, mühasib Yeganə Qarayeva, kompüterdə işləyən Sənəm Kərimova, sürücü Ruslan Həmidov, işçi İlahə Əhmədova və bağban Cavanşir Məhərrəmov var.
İşçiləri qərəzsizliyə və peşəkarlığa alışdıran isə təbii ki, qəzetin baş redaktoru Əminə Yüsifqızı olub.
Vurğulamaq yerin düşər ki, 1951-ci ilin 1 iyun tarixində Yevlax şəhərində anadan olan Əhmədova Əminə Yusif qızı respublika mətbuatında uzun illər səmərəli fəaliyyətinə görə "Qızıl Qələm" mükafatına, iki dəfə H.B.Zərdabi adına mükafata layiq görülüb. 1991-ci ildən respublikanın əməkdar jurnalistidir. 2005-ci ildə ölkə prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.
Qəzetin fəaliyyətindən danışan Əminə xanım sosial problemlərə önəm verdikləri kimi rayon sakinlərinin güzəranına və çətinliklərinə də diqqət ayırdığını dedi: "Tutduğumuz mövqedən çox razıyıq. Gözəl olan nə varsa öz əməyimizlə qazanmışıq. Rayonun bütün işlərində aktiv iştirak edirik. Qəzət Yevlaxlıların həyatında mühüm rol oynadığı üçün insanlar öz problemlərini bu qəzetlə bölüşürlər. Bizim bu gün öyünəcəyimiz odur ki, hər gün redaksiyanın qapısını 10-20 nəfər döyür. Biz onlara problemlərinin həll olunmasına kömək edirik və bu bizim vəzifə borcumuzdur.
" "Kür" qəzeti 7200 tirajla çıxır. Heydər Əliyev adına prospektində 2 mərtəbəli bina yerləşir. Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə balasımıza verilib. Texniki avadanlıqla təmin olunmuşuq. Yüksək səviyyədə maaş alırıq. İnkişaf edirik, müntəzəm olaraq yeni rubrikalarımız olur. Ötən illərə nisbətən indi daha məsuliyyətli olmalıyam. Çünki əvvəl muxbir idim və məni qoruyurdular. İndi mən işçiləri qoruyuram.
Keçmişdə yazdığım yazıları indi yaza bilmərəm. Yaxşılığa doğru çox şey dəyişib. İşimizi öncə Şəhər İcra Hakimiyyəti ilə qururuq. Biz onların hər an yanındayıq, tək qəzet kimi deyil hər bir işlərində. İcra hakimiyyəti qəzetimizin qalxmasına çox köməklik edir. Ancaq bizim qəzetdə hər cür azadlıq var. Əgər hansısa İcra başçısının nöqsanını yazmırıqsa bu artıq onun yox mənim günahımdır.
Onu da qeyd edim ki, çox əsəbi insanam. Ancaq kollektivim məni çox istəyir. İstirahətə gedəndə kolletivimiz üçün çox darıxıram"-deyə baş redaktor bizimlə bölüşdü.
Redaksiyada olduqca isti şərait gördüyümüz kimi ətraf mühiti də belə oldu. Binanın həyətinə baxdıqda orada elə işçilərin öz əməyini gördük. Qəzetin kollektivi Milli mətbuatın yaranmasının 135-cı il dönümü münasibəti ilə bağ salıblar. Yay aylarında elə öz bağların da istirahət edən "Kür"çülər işlərindən və şəraitlərindən olduqca razıdırlar.