SİA-nın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan Rəssamlar İttifaqının üzvü Mir Teymur Məmmədov həmkarı haqqında geniş söhbət açaraq onun yaradıcılığını yüksək qiymətləndirib.
O bildirib ki, 2005-ci ildə Bakıda Giorqiy Paçkoriyanın 11 gürcü rəssamı ilə birlikdə sərgisi keçirilib: \"Həmin sərgidə rəssam söz verib ki, işlədiyi keramikadan hazırlanan çaydanların sayı min birə çatanda mütləq Bakıda fərdi sərgi təşkil edəcək. Bu, rəssamın paytaxtımızda açılan ilk fərdi sərgisidir. Onun əsərləri təkcə dekorasiya üçün deyil, mətbəx avadanlığı kimi də işlənə bilər\".
G.Paçkoriya 30 illik yaradıcılıq dövründə dünyanın bir çox ölkələrində sərgiləri təşkil edildiyini söyləyərək Bakını özünə doğma şəhər hesab etdiyini vurğulayıb: \"Bakıda nümayiş olunan çaydanların bir çoxunun hazırlanmasında Azərbaycan gilindən də istifadə edilib\".
Sərgidə gürcüstanlı rəssamın keramikadan hazırlanan 60-dan çox müxtəlif ölçülü və bir-birindən fərqli çaydanlar nümayiş etdirilir.
Böyük maraqla qarşılanan sərgi 10 gün davam edəcək.