Rusiyanın Şimali Qafqaz regionunda investisiya imkanlarının araşdırılması məqsədilə Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin sözügedən regiona səfəri çərçivəsində Mahaçqalada Rusiya-Azərbaycan biznes forumu keçirilib. İqtisadi İnkişaf Nazirliyindən SİA-ya verilən məlumata görə, tədbirdə Azərbaycan tərəfindən dövlət rəsmiləri ilə yanaşı, kənd təsərrüfatı, tikinti, sənaye, maliyyə, sığorta, logistika və digər sahələrdə fəaliyyət göstərən 40-dan çox aparıcı şirkətin nümayəndəsi iştirak edib. Rusiya tərəfi isə rəsmi şəxslərlə yanaşı, analoji sahələrdə fəaliyyət göstərən iş adamları ilə təmsil olunub.
Biznes forumda Azərbaycan iqtisadiyyatı barədə məlumat verən Ş.Mustafayev son illər iqtisadiyyatın diversifikasiyası nəticəsində qeyri-neft sektorunun inkişafının daha da sürətləndiyini vurğulayıb, Azərbaycanda irimiqyaslı infrastruktur layihələrinin həyata keçirildiyini qeyd edib: \"Son 7 ildə Azərbaycanda ÜDM 3 dəfə, qeyri-neft sektoru 2 dəfə, orta aylıq əməkhaqqı 4,3 dəfə, ticarət dövriyyəsi 5,4 dəfə, strateji valyuta ehtiyatları 18,4 dəfə artıb, yoxsulluq səviyyəsi 5 dəfə azalıb. Bu ilin 9 ayı ərzində isə qeyri-neft sektoru 8,2%, kənd təsərrüfatı 7,6%, əhalinin gəlirləri 19% artıb. Hazırda ölkənin valyuta ehtiyatları xarici borcları 8 dəfə üstələyir. Siyasi və makroiqtisadi sabit, əlverişli biznes mühitinə malik, təbii və enerji resursları ilə zəngin Azərbaycan xarici investisiyalar üçün cəlbedici ölkədir. Əlverişli coğrafi mövqeyə malik Azərbaycanda Böyük İpək Yolu, Şimal-Cənub nəqliyyat dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu kimi layihələrin həyata keçirilməsi ölkəni vacib regional nəqliyyat qovşağına çevirib. Son 15 ildə Azərbaycan iqtisadiyyatına 100 mlrd. dollardan çox investisiya qoyulub ki, bunun da yarısı xarici investisiyaların payına düşür. Azərbaycan adambaşına düşən investisiyanın həcminə görə MDB məkanında aparıcı yer tutur\".
Biznes-forum çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər keçirilib, əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunub. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Dağıstanda bir sıra görüşlər keçirib, iqtisadi əlaqələrin daha da genişləndirilməsi imkanlarını müzakirə edib.