Sabah Hicri-qəməri təqvimi ilə Məhərrəm ayı başlayır. Aşura günü (Məhərrəm ayının 10-u) Miladi təqvimi ilə dekabr ayının 6-na təsadüf edir.
İslamın sevimli peyğəmbəri Məhəmmədin (S) nəvəsi İmam Hüseyn və onun əshabələrinə qarşı törədilən qanlı Kərbəla faciəsindən 1300 ildən artıq vaxt keçməsinə baxmayaraq bu tarix eyni qayda ilə müsəlman ölkələrində qeyd olunmaqdadır.
Məhərrəm Hicri-qəməri təqvimi ilə islam dininin birinci ayıdır. Bu ayın Aşura günündə İmam Hüseyn və yaxınları Yəzid ibn Muaviyyənin qoşunları tərəfindən qətlə yetirilib.
Aşura günündə qan vermək böyük savabdır
Bəs görəsən, Azərbaycanda bu ayın xüsusiyyətlərinə nə dərəcədə əməl olunur?
Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildirildi ki, Məhərrəmlik ayı təxminən 2 ay müddətində davam edəcək: "Məhərrəm ayı Hicri-qəməri təqvimlə İslam dininin birinci ayıdır. Bu il aşura günü dekabrın 6-na təsadüf edir. Bu ayın Aşura günündə İmam Hüseyn əleyhissalam və yaxınları Yəzid ibn Müaviyyənin qoşunları tərəfindən qətlə yetirilib.
Aşura günü məscidlərdə, ibadət ocaqlarında ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməli, təziyə məclislərində Kərbala şəhidlərinin ruhuna xütbələr oxunmalıdır. Aşura günü zəncir vurub bədənə xəsarət yetirmək yolverilməzdir, müqəddəs məkanlarda nizam-intizam pozulmamalıdır. Son illər təziyə günündə idarənin təşəbbüsü ilə keçirilən qanvermə aksiyaları ən münasib təziyədarlıq nümunəsi kimi örnək olmalıdır".
Həzrəti İmam Əli məscidinin axundu Hacı Təyyar məhərrəm ayının xüsusiyyətlərindən danışdı: \"Məhərrəm\" sözü ərəb dilində \"haram\" sözündən götürülüb və haram ay hesab olunur. 2 ay ərzində müsəlmanlar İmam Hüseyn və əshabələrinə yas saxlayır. Həmin dövrdə nişan, toy etmirlər. Hətta qadınlara Məhərrəm ayında bəzənib-düzənmək, saç kəsdirmək, rəng qoymaq da yasaq sayılır.
Bütün bu qadağalar adət-anənədən irəli gəlir və bunun dinə, şəriətə heç bir aidiyyatı yoxdur və günah sayılmır. Həmin adətlər isə islam dövründə yox, islamdan qat-qat sonralar formalaşıb. Mərrəmlikdə zəncir vurmaq, qan çıxarmaq kimi xürafi fikirlərdən uzaq olmaq məsləhətdir. Bir neçə ildir bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə islam əhlinə müraciət edərək bədənə zülm etməməyə çağırır. Çünki zəncir vurmağın, özünə zülm etməyin şəriətə heç bir aidiyyatı yoxdur. Son illər Aşura günündə müsəlmanlar qanvermə aksiyasına dəvət olunur. Aşura günündə ehtiyacı olan xəstəyə qan verməyin daha böyük savabı var. Səhhəti imkan verən bütün müsəlmanlar bu savab işdə etsinlər\".
Şadlıq evləri 2 ay işsiz qaldı
Onu da deyək ki, məhərrəmlik ayının başlaması ilə əlaqədar olaraq artıq sabahdan paytaxt ərazisində fəaliyyət göstərən şadlıq evləri öz işlərini dayandıracaqlar. Öyrəndik ki, artıq əksər şadlıq evləri öz işçilərini müvəqqəti olaraq məzuniyyətə buraxıb.
"Anar" şadlıq sarayının administratoru bildirdi ki, artıq sabahdan toy sifarişləri qəbul olunmayacaq: "Məhərrəmlik ayında toy edən olmadığı üçün sifarişlər də olmur. Ancaq nadir hallarda qeyri millətdən olanlar toy etmək üçün müraciət edirlər. Artıq şadlıq evinin işçiləri müvəqqəti olaraq işlərinə fasilə verilib".
Sorğu keçirdiyimiz digər şadlıq evlərindən də oxşar cavablar aldıq.