BMT-nin təhlükəsizlik üzrə nəzarətçisinin İranın nüvə silahı əldə etmək üçün gizli təcrübələr keçirdiyini bildirməsindən sonra İran prezidenti Mahmud Əhmədinejad kəskin bəyanatla çıxış edib. Pakdaşt şəhərində çıxış edən prezident minlərlə insana səslənərək bildirib ki, Qərb İranın nüvə silahı əldə etmək istədiyini sübut etməlidir. İran isə nüvə silahına malik olmadığını sübut etməyə borclu deyil.
"Hər şeydən əvvəl onu qeyd edim ki, İrana sanksiyalar tədbiqində aktiv olan Amerika hökumətinin son 32 ildə bizimlə nə iqtisadi, nə də maliyyə əlaqələri olub. Amerikanın "biz onlarla işləməyəcəyik" deməsi heç nəyi dəyişmir. Bizim, hər halda, onlarla heç bir əlaqəmiz yoxdur. Lakin onların əlaltısı olan Avropanın mövqeyi məni təəccübləndirir. Avropa çarəsiz qul kimi ABŞ nə deyərsə, ona boyun əyir", - deyə o vurğualyıb.
Əhmədinejad həmçinin bildirib ki, Birləşmiş Ştatlar özü 5000 nüvə başlığına malikdir, lakin İranı heç bir dəlil olmadan nüvə silahı hazırlamaqda ittiham edir: "Əgər İran nüvə silahı əldə etmək istəsə, bunu açıq şəkildə edəcək. İran Qərbdən qorxmur. İran onun əmanətlərini oğurluq mal kimi donduran ölkələrlə də hesablaşacaq. Yeni saksiyalar heç nəyi dəyişməyəcək. Qərbin mövqeyi həmişəki kimi qalır".
Xatırladaq ki, Qərb ölkələri Tehranın nüvə silahı ilə bağlı planlarının qarşısını almaq üçün yeni sanksiyaların tətbiqinin mümkünlüyünü nəzərdən keçirir.