2012-ci il dövlət büdcəsi müzakirə edilir

22 Noyabr 2011 13:07 (UTC+04:00)

Bu gün Milli Məclisin plenar iclasında 2012-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının qanun layihəsi ilə bağlı müzakirələr aparılıb. SİA-nın verdiyi xəbərə görə, iclasda çıxış edən Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, büdcə sənədləri ölkə həyatında müşayiət olunan dinamik inkişafın göstəricisidir.

Oktay Əsədov məlumat verib ki, cari ilin yanvar-sentyabr aylarının nəticələri göstərir ki, ilin sonuna qədər ÜDM artımı əldə ediləcək. Onun sözlərinə görə, neft sektoru sabit saxlanmaqla yanaşı iqtisadiyyatın bütün sahələrində 8-9% artım əldə ediləcək : \"Gələn il isə ölkə iqtisadiyyatına 14 mlrd. dollar sərmayə qoyulacaq, daxili sərmayənin payı 70%-dən çox olacaq. Dövlət büdcəsinin gəlir və xərclərində kəmiyyət dəyişikliyi baş verib. Belə ki, gəlirlərin 73%-i neft, 23%-i qeyri-neft sektorunun payına düşəcək\".

Həmçinin büdcə layihəsi barədə Milli Məclisin İqtisadi siyasət Komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib. Komitə sədri bildirib ki, ölkədə güclü iqtisadi təhlükəsizlik bazası yaradılıb ki, bu da ildən ilə büdcənin hazırlanmasında böyük rol oynayır.

Qeyd edək ki, iclasa baş nazir Artur Rasizadə ilə yanaşı hökumət üzvləri də qatılıb. Eyni zamanda maliyyə naziri Samir Şərifov dövlət büdcəsinin parametrləri barədə məruzə ilə çıxış edib.


Cabir Məmmədov