Yeni Azərbaycan Partiyası (YAP) siyasi şurasının üzvü millət vəkili Aydın Mirzəzadənin Səs Tv-yə müsahibəsi.
- Yeni Azərbaycan Partiyasının yaradılması hansı zərurətdən doğur?
- Yeni Azərbaycan Partiyası siyasi səhnəyə XX əsrin 90-cı illərin əvvəllərində ölkədə yaranmış mürəkkəb ictimai-siyasi şəraitdə gəlmişdir. Bu illər ərzində tez-tez hakimiyyət dəyişiklikləri və daxili siyasi qarşıdurmanın dərinləşməsi sayəsində ölkədə böhran vəziyyəti qorxulu həddə çatmışdı. Cəmiyyət ümumxalq inamına malik olan və ilk növbədə milli birliyə, vətəndaş həmrəyliyinə əsaslanaraq ölkəni böhrandan xilas etməyə qadir olan yeni siyasi qüvvəyə ehtiyac duyurdu. Belə ki, ümummilli lider yalnız dünya səviyyəli siyasətçi və dövlət xadimi, keçmiş SSR-nin rəhbərlərindən biri olan, o dövrdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri vəzifəsində çalışan ümumxalq sevgisinə və hörmətinə malik olan Heydər Əliyev ola bilərdi. Xatırladım ki, Partiyanın təsis konfransı 21 noyabr 1992-ci ildə Naxçıvanda keçirildi və Heydər Əliyev YAP-ın sədri seçildi. Heydər Əliyevin uzun müddət Azərbaycana rəhbərlik etməsi, Moskvada dövlət rəhbərlərindən biri olması, onun fəaliyyəti nəticəsində böyük siyasi nüfuza malik olması, onun baxışları cəmiyyətdə rəğbət doğururdu. Ulu öndərin baxışları, fəaliyyəti, təcrübəsi və milyonlarla insanın amal kimi ortaya qoyduğu məsələlər birləşərək Yeni Azərbaycan Partiyasının yaranması ideyasını ortaya çıxartdı.
- Partiya ötən müddət ərzində üzərinə götürdüyü vəzifəni və prinsipləri yerinə yetirə bildimi?
- Yeni Azərbaycan Partiyası bu vəzifələrin həyata keçirilməsini özünün siyasi strategiyasının əsas məqsədi hesab edir. Azərbaycan Respublikasının dövlət müstəqilliyi keçmiş Sovetlər İttifaqında və bütün dünyada gedən tarixi proseslərin məntiqi nəticəsi olub, Azərbaycan xalqının milli sərvətidir. YAP-ın təsis olunduğu 1992-ci ildən keçən dövr ərzində həm Azərbaycan dövləti, həm də partiya öz inkişafında mühüm irəliləyişlərə nail olub. Azərbaycan keçmiş SSRİ-nin yarımmüstəqil bir respublikasından dünya birliyinin bərabərhüquqlu üzvünə, müstəqil, demokratik dövlətə çevrilib. Ölkədaxili proseslər nizamlanmış, daxili çəkişmələrə, hakimiyyətsizliyə, anarxiyaya, etnik və milli münaqişələrə, hakimiyyət uğrunda silahlı mübarizəyə və vətəndaş qarşıdurmasına son qoyulmuş, sağlam əsaslar üzərində ictimai-siyasi sabitlik yaradılıb. Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət və vətəndaş cəmiyyətinin formalaşdırılması, əsas insan və vətəndaş hüquqları və azadlıqlarının qorunması sahəsində mühüm addımlar atılıb. Partiyanın əsas fəaliyyət istiqamətləri müstəqil dövlətimizin təhlükəsizliyi məsələlərində Avropa təhlükəsizlik qurumları ilə əməkdaşlığa və Avropa Təhlükəsizlik sisteminə inteqrasiyaya həmçinin Azərbaycanın dövlət müstəqilliyinin, milli təhlükəsizliyinin və ərazi bütövlüyünün qorunması, ölkəmizin beynəlxalq aləmdə layiqli yer tutması olub. Azərbaycanın dövlət müstəqilliyini və ərazi bütövlüyünü qorumaq, beynəlxalq aləmdə onun layiqli yer tutmasına çalışmaq, bütün dünyada sülh, tərəqqi və xoşməramlı əməkdaşlıq uğrunda mübarizə aparmaq YAP-ın fəaliyyətinin əsas məqsədidir. Müstəqil Azərbaycan dövlətinin milli mənafelərinin müdafiəsi və onun təhlükəsizliyinin təmin edilməsi ölkənin siyasi, hərbi, iqtisadi, mədəni və sosial maraqlarının qorunmasını, dünya birliyinin siyasi, iqtisadi strukturlarında bərabərhüquqlu iştirakını nəzərdə tutub. Azərbaycanın dövlət müstəqilliyi, malik olduğu təbii sərvətləri, geopolitik üstünlükləri xalqımızın milli sərvətidir və hər bir Azərbaycan vətəndaşı kimi YAP üzvləri də Azərbaycan Respublikasının dövlət müstəqilliyini və ərazi bütövlüyünü qorumaq özünün birinci dərəcəli vəzifəsi hesab edir.
- Partiyanın gücü, onun cəmiyyətdəki nüfuzu YAP-nın qurucusunun ulu öndər Heydər Əliyevin olması ilə bağlıdırmı?
- Şübhəsiz ki, bir mənalı şəkildə bağlıdır. Mən belə hesab edirəm ki, Heydər Əliyev şəxsiyyətini cəmiyyətdən ayırmaq olmaz. Onu cəmiyyət yetirib, cəmiyyət formalaşdırıb. Amma Heydər Əliyevin fitri istedadı, özünün məsuliyyəti, bu gün Azərbaycan xalqına, dünya sivilizasiyasına olan məhəbbəti Heydər Əliyev-xalq birliyini möhkəmləndirir. Heydər Əliyev mövcudluğu Azərbaycanın həmin dövrdə bir çox problemlərini həll edə bildi. Azərbaycan müstəqilliyinin faktoruna çevrildi, xalqın gələcəyə inamını artırdı. Heydər Əliyev şəxsiyyəti həm Yeni Azərbaycan Partiyasının yaranmasına, eyni zamanda, sözün əsl mənasında, yeni Azərbaycanın yaranmasına çox ciddi təsir etdi.
- 19 il ərzində YAP-a alternativ ola biləcək hər hansı partiyanın siyasi arenaya çıxa bilməməsi nə ilə əlaqədardır?
- Həmin siyasi arenada azad şəkildə istənilən yeni partiya yarana bilər. İstənilən alternativ fikir, alternativ təşkilatı struktur ortaya qoyula bilir və buna imkan var. YAP statistik partiya deyil, o dinamik, daim inkişaf edən və yenilənən partiyadır. Biz siyasi rəqiblərimizdən fərqli olaraq daima yenilənirik. Elə bu səbəbdən də YAP üçün ciddi alternativ yaranmayıb, yaransa belə onlar artıq rəqabətdə uduzubar.