3 saylı İstintaq Təcridxanası yoxlanılıb

21 Noyabr 2011 15:36 (UTC+04:00)

Bu günlərdə Ombudsmanın tapşırığına əsasən, İşgəncələr əleyhinə Milli Preventiv Mexanizmin (MPM) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şüvəlandakı 3 saylı İstintaq Təcridxanasına başçəkmə həyata keçiriblər. SİA-nın xəbərinə görə, onlar bu təcridxanada bir sıra saxlanılan şəxsi qəbul etmiş, təkbətək söhbət aparıb, onlara hüquqlarını izah ediblər. Söhbət zamanı həmin şəxslər saxlanma şəraitindən, müəssisə əməkdaşlarının onlara qarşı rəftarından, habelə burada onlara verilən yeməyin keyfiyyətindən şikayət etməyiblər. Eyni zamanda, bəziləri barələrində aparılan istintaqdan və məhkəmə qərarlarından narazı olduqlarını bildiriblər.


MPM qrupunun üzvləri həmçinin Sabunçu Rayon Polis İdarəsinin (RPİ) MST-nə, həmin RPİ-nin 12-ci polis bölməsinə baxış keçirib, saxlanmanın qanuniliyini təsdiq edən sənədlərlə tanış olublar.


Qeyd olunmalıdır ki, Sabunçu RPİ-nin MST-nə əvvəlki başçəkmə zamanı bu müəssisə binasının yeni olmasına baxmayaraq, şəraitlə bağlı bir sıra iradlar bildirilib. Təkrar başçəkmə zamanı isə MST-də həmin nöqsanların aradan qaldırıldığı müəyyən edilib. Belə ki, müəssisənin kameralarında çarpayıların sayına uyğun oturacaqlar quraşdırılıb, tibb otağı təşkil edilib, gəzinti yeri yaradılıb.