Bahalı evlərin sayı artır

21 Noyabr 2011 14:46 (UTC+04:00)

2011-ci ilin oktyabr ayı ərzində "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyi tərəfindən ilkin mənzil bazarında növbəti monitorinq aparılıb. Birlikdən SİA-ya verilən xəbərə görə, son 3 rübün yekunlarına görə, bu müddət ərzində bazarda qiymət indeksi və qiymətlər stabilləşib. Satışa təklif edilən bahalı mənzillərin (kvadratı 1000 manatdan yuxarı) çoxalması təklif portfelində bahalı mənzillərin payının artmasına səbəb olsa da, bazarda daha çox ucuz mənzillərin (kvadratı 500-700 manat) satılması müşahidə edilib. Məhz bu səbəbdən ilkin mənzil bazarında ilin sonlarına doğru qiymət indeksi tədricən stabilləşməyə meylli olub. Digər tərəfdən satıcıların hələ də qiymətlərin artacağını, alıcıların isə bunun əksinə olaraq, qiymətlərin azalacağını gözləməsi bazardakı aktivliyin yüksəlməsinə müəyyən problem yaradır. Lakin il boyu bazarda müəyyən canlanma hiss olunub və oktyabr ayında da mövsümə uyğun olmayan nisbi aktivlik hiss edilib, qiymətlər isə stabilləşməyə meylli olub.

Aparılan araşdırmalar, ötən illərlə müqayisəli təhlillər göstərir ki, qiymətlərin hələ də yüksək olması alıcılıq qabiliyyətinə təsir edir. Amma bu, ilin sonuna qədər qiymətlərin düşməsinə səbəb ola biləcəyini deməyə əsas vermir. Üstəlik son aylarda qiymətlərin stabil qalması ilin sonuna doğru bu tendensiyasının yalnız nisbi fərqlə dəyişə biləcəyini ehtimal etməyə imkan verir. Amma alıcıların ipoteka kreditləri imkanlarından yararlana bilməsi, qeydiyyatdan keçən yeni tikililərin sayının nisbətən artması, tikinti şirkətlərinin daxili kredit şərtlərinin müddətinin uzadılması, ilkin ödənişlərin minimuma endirilməsi və bu kimi digər addımlar atmaları bazarın bu seqmentində nisbi aktivliyin saxlanmasına səbəb olub. Oktyabr ayında dövlət əhəmiyyətli sosial obyektlərin bünövrəsinin qoyulması müşahidə edilsə də (xüsusilə Nərimanov rayonunda), mənzil bazarına heç bir bina daxil olmayıb, əksinə daha 2 yeni tikili satışdan çıxıb. Beləliklə paytaxt üzrə satışa çıxarılan yeni tikililərinin sayı ötən aydakı 426-ya qarşı 424 olub. Tikinti şirkətlərinin sayında heç bir dəyişiklik baş verməyib və ötən aydakı kimi 152-dir.

"ƏBİ" İB tərəfindən ilkin mənzil bazarında aparılan qiymət monitorinqinin nəticələrinə görə, paytaxt üzrə oktyabr ayı ərzində satışa təklif оlunmuş mənzillərin оrta qiymətində heç bir dəyişiklik baş verməyib və 1 kv.metr üzrə 837 manat səviyyəsində qalıb.

Qiymət stabilliyinin artıq son 4 ayda davam etməsi nəticəsində qiymət fərqi ötən rübün müvafiq dövrü ilə müqayisədə dəyişməyib. Ötən illə müqayisədə qiymət azalması 2,9%, 2011-ci ilin yanvar ayına nisbətdə isə 1,3% təşkil edib. 2008-ci ilin sentyabr ayı (böhran dövrünün başlanğıcı) ilə müqayisədə qiymət fərqi 29,9% azalma ilə qeydə alınıb.

Orta qiymətdə heç bir dəyişiklik qeydə alınmadığından ay ərzində qiymət indeksində də heç bir yenilik baş verməyib. Oktyabr ayında bu göstərici sabit qalaraq 320.7 bəndində qərarlaşıb.

Oktyabr ayı ərzində, ötən aylardakı kimi, yеni tikililərdə 3 оtaqlı mənzillər daha çох üstünlük təşkil еdib. 5 оtaqlı mənzillər əsasən şəhərin 1 zоnasında üstünlük təşkil еdir, 1 оtaqlı mənzillər isə daha çох 3-cü zоnanın payına düşür. 1 otaqlı mənzillərin orta sahəsi 60.7 kv.m, 2 otaqlılarınkı 92.1 kv.m, 3 otaqlılarda 131.8 kv.m, 4 otaqlılarda 182.9, 5 otaqlılarda isə 238.3 kv.metr təşkil edib.