Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova BMT-nin Uşaq Fondu (YUNİSEF) və Əhali Fondunun ölkəmizin nümayəndəlikləri ilə birgə "Uşaqların hüquqlarının təmin olunmasında dövlət qurumları və vətəndaş cəmiyyətinin əməkdaşlığı" mövzusunda dəyirmi masa keçirib.
SİA-nın xəbərinə görə, müvəkkil 20 oktyabr – 20 noyabr tarixlərində "Uşaq hüquqları" aylığı ərzində ölkənin şəhər və rayonlarında dəyirmi masalar, treninq-seminarların keçirildiyini, orta məktəblərdə uşaq hüquqları üzrə bir sıra maarifləndirmə tədbirlərinin, müsabiqələrin, sərgilərin təşkil olunduğunu deyib. O, bununla da cəmiyyətin diqqətinin uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin yaxşılaşdırılması və daha effektiv müdafiəsinin təmin olunmasına yönəldiyini söyləyib.E.Süleymanova "Uşaq hüquqları" aylığının nəticələrinin səmərəli olduğunu, görülmüş işlərlə əlaqədar dövlət qurumları, o cümlədən yerli icra hakimiyyəti orqanları, müvafiq QHT-lərdən hesabatların alındığını və təhlil edildiyini, bununla bağlı müvafiq təkliflərin hazırlanacağını diqqətə çatdırıb.
Tədbirin sonunda qurumun keçirdiyi müsabiqələrin qalibləri mükafatlandırılıb.