Şimali Kiprdə " Qlobal iqlim dəyişiklikləri və sualtı ekologiya " adlı beynəlxalq konfrans keçirilib. SİA-nın xəbərinə görə, konfrans Şimali Kiprin Doğu Akdeniz Universitetinin və Bakı şəhər Baş Təhsil İdarəsinin birgə layhəsi əsasında baş tutub. Şimali Kiprin Doğu Akdeniz Universitetində baş tutan beynəlxalq konfransı universitetinin tələbəsi və eyni zamanda azərbaycanlı gənc jurnalist Cəfər Mənsimi açıq elan edib.
Konfransda Doğu Akdeniz Universitetinin Beynəlxalq layihələr üzrə mütəxəssisi və eyni zamanda layihənin rəhbəri İmran Muxtarova, Beynəlxalq əlaqələr üzrə dekan, proffesor Məcid Haşempur və Doğu Akdeniz Universitetinin rektoru, proffessor Abdullah Öztoprak geniş məruzələrlə çıxışlar ediblər. 8 ölkəni təmsil edən iştirakçılar konfrans çərçivəsində öz mədəniyyət və incəsənətlərini əks etdirən nümayişlər təqdim ediblər. Azərbaycan məktəblilərinin hazırladıqları rəqs tamaşa isə xüsusi ilə xarici qonaqların marağına səbəb olub. Konfrans çərçivəsində iştirakçılar Doğu Akdeniz Universitetinin təşkilatçılığı ilə Şimali Kiprin ən görməli yerləri, o cümlədən tarixi və mədəni yerləri ilə tanış olmaq şansını qazanıblar.
Konfransın son günü isə Şimali Kiprin Müstəqillik gününə təsadüf edib. Həmin gün konfrans iştirakçıları Doğu Akdeniz Universiteti tərəfindən beynəlxalq sertfikata layiq görülüblər.