Baş Dövlət Yol Polisi İdarəsi Bakıda və Şabran rayonunda baş vermiş ağır yol qəzaları ilə bağlı məlumat yayıb. SİA-nın qurumun saytına istinadən verdiyi məlumata görə, noyabrın 15-də, saat 20:00 radələrində Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən 125, 8-ci kilometrliyində, 1959-cu il təvəllüdlü Abbasov Ələddin Mirzağa oğlunun Quba rayonu istiqamətində idarə etdiyi "Mercedes-1840LS" markalı 10-JT-970 dövlət qeydiyyat nişanlı yük maşını yolun əks istiqaməti ilə hərəkət edən Şabran rayon sakini, 1951-ci il təvəllüdlü Həşimov Abduləziz Abdurəşidoviçin idarə etdiyi "Tofaş" markalı, 10-UM-474 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində "Tofaş" markalı avtomobilin sürücüsü A. Həşimov və sərnişini, 1977-ci il təvəllüdlü Məstanov Ramin Səttar oğlu dünyasını dəyişib.
Digər yol-nəqliyyat hadisəsi saat 23:30 radələrində Bakı-Qazax yolunun paytaxtın Qaradağ rayonundan keçən 46-cı km-də qeydə alınıb. Bakı şəhər sakini 1969-cu il təvəllüdlü Camalxanov Elxan İdris oğlu "Hyundai-Sonata" markalı, 90-AR-902 dövlət qeydiyyat nişanlı minik avtomobilini Bakı şəhəri istiqamətində idarə edərkən, onu yolun kənarındakı reklam şitinin dirəyinə vurub. Zərbədən avtomobildə yanğın baş verib.
Qəza nəticəsində sürücü hadisə yerində ölüb, yanğın söndürüldükdən sonra isə avtomobildə şəxsiyyəti məlum olmayan yanmış kişi meyiti aşkar edilib.
Hər iki faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, Bakı-Qazax yolunda baş verən yol qəzasında yanaraq ölən sürücü və sərnişin Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin əməkdaşlarıdır.