Əli Həsənov: "Dağlıq Qarabağ probleminin həllinə yardımçı ola biləcək hər bir vasitə məqbul sayılmalıdır" - AÇIQLAMA

15 Noyabr 2011 17:43 (UTC+04:00)

Rəsmi Bakı Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşünün təşkilini məqbul sayır. "Dağlıq Qarabağ probleminin həllinə yardımçı ola biləcək hər bir vasitə, o cümlədən Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının görüşü məqbul sayılmalıdır və alqışlanmalıdır. İstənilən fəaliyyət sonda Dağlıq Qarabağ probleminin həllini yaxınlaşdırırsa, onun sülh yolu ilə həllinə şərait yaradırsa, onu dəstəkləmək lazımdır", - bunu açıqlamasında Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.


Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri deyib ki, hər iki icmanın müzakirələr aparması xalq diplomatiyasıdır: "İcmaların görüşü və ya iki ölkəni təmsil edən ziyalıların görüşü Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllində bir vasitədir. İstənilən addım Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə təkan verirsə, bunu alqışlamaq lazımdır".