Yeni mediada kadr təminatı və peşəkarlıq məsələləri müzakirə olunacaq. Multimedia Mərkəzinin direktoru Osman Gündüz SİA-ya bildirib ki, noyabrın 22-də bu mövzuda konfrans təşkil olunacaq. Onun sözlərinə görə, konfransın keçirilməsində məqsəd ölkədə yeni media mütəxəssislərinin hazırlanmasına dəstək vermək, bu istiqamətdə təhsil, biznes və İKT sektorunun birgə səylərini gücləndirməkdir.
Konfransda "Yeni medianın mövcud durumu və peşəkarlıq", "Jurnalistika təhsilində İnternet jurnalistikasının yeni" və "Sosial mediadan effektiv istifadə imkanları" mövzularında təqdimatlar olacaq. Yeni media sahəsində ölkədəki mövcud durum haqqında ümumi məlumatlar veriləcək. Media biznesi sektorunda yeni media texnologiyaları ilə bağlı vəziyyət ətrafında müzakirə aparılacaq.
Konfransın yekununda ölkədə peşəkar yeni media mütəxəssislərinin hazırlanması istiqamətində təkliflər və tövsiyələrin hazırlanması nəzərdə tutulur.