Bu gün Azərbaycan Respublikasının Konstitusiya günü, Azərbaycan Respublikasının əsas qanununun - Konstitusiyanın qəbul edilidiyi gündür. SİA-nın xəbərinə görə, hazırki Konstitusiya 12 noyabr 1995-ci ildə ümumxalq referendumu əsasında qəbul edilib. Bu Azərbaycan Respublikasının müstəqilliyi bərpa edildikdən sonra ilk Konstitusiyası idi.
Azərbaycanın dövlətinin birinci Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-nin 1978-ci il aprelin 21-də qəbul edilən son Konstitusiyası SSRİ Konstitusiyasına uyğunlaşdırılmış olsa da müəyyən özünəməxsusluğa malik idi.
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən yeni Konstitusiya layihəsi üzərində ciddi iş başlanıb. 1994-cü ildə Prezident Heydər Əliyevin sədrliyi ilə Konstitusiya komissiyası fəaliyyətə başlayıb və layihə 1995-ci ildə ümumxalq müzakirəsinə verilib. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycanın Respublikasının ilk Konstitusiyası qəbul olunub.
Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir. Konstitusiyaya ilk əlavə və dəyişiklik 24 avqust 2002-ci ildə, son əlavə və dəyişikliklər isə 18 mart 2009-cu ildə referendum yolu ilə edilib. 1996-cı il fevralın 6-da Prezident Heydər Əliyevin sərəncamı ilə noyabrın 12-i Konstitusiya günü elan edilib.