Nizami Cəfərov ortaq türk dili ilə bağlı məsələlərə aydınlıq gətirdi-MÜSAHİBƏ

11 Noyabr 2011 17:56 (UTC+04:00)

Son zamanlar türk dövlətləri arasında ortaq türk dilinin, əlifbasının, mediasının yaranması istiqamətində mühüm müzakirələr aparılır. Bununla bağlı artıq müəyyən işlər görülüb. Amma hələ də öz həllini gözləyən bir sıra məsələlər və problemlər mövcuddur. Bu və ya digər məsələlərə aydınlıq gətirmək üçün Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov ilə söhbətləşdik. Müsahibə zamanı millət vəkili bir sıra məsələlər barədə məlumat verdi.

- Nizami müəllim, ortaq türk dilinin yaranması ilə bağlı baş verən prosesləri nə yerdədir və onları necə qiymətləndirirsiniz?

- Ortaq türk dili ilə bağlı müzakirələrin 150 ildən artıq bir yaşı var. Amma türk dövlətləri müstəqillik qazanandan sonra bu məsələ yenidən gündəmə gəldi. Məsələnin ən mühüm cəhəti ondan ibarətdir ki, artıq bu sahədə prinsipal müəyyənlik yaranıb. Əgər bir vaxtlar müxtəlif türk dilləri əsasında süni bir ortaq türkcə, ortaq ünsiyyət vasitəsinin yaradılmalı olduğu düşünülürdüsə, indi həmin mülahizə gündəmdən çıxıb. Başqa bir mülahizə var idi ki, türk dillərindən hər hansı biri alınmalı və onun üzərində xeyli işlənməlidir ki, o gəlib ortaq bir ünsiyyət vasitəsinə çevrilsin. Burada doğruluq, təbiilik var, amma sonradan yenidən sünilik meydana çıxırdı. İllərin təcrübəsi göstərdi ki, Türkiyə türkcəsi ortaq ünsiyyət vasitəsi rolunu oynayır. Hələlik vasitə rolunu, həmçinin, rus və ingilis dilləri oynayır. Ancaq Türkiyə türkcəsinin genişlənməyini biz artıq görürük. Bunun da bir çox göstəriciləri var. Türkiyənin dövlət olaraq beynəlxalq nüfuzu, Türkiyə türkcəsinin inkişaf edən bir türkcə olması, eləcə də Türkiyənin bu gün ümumən dünyada bu türkcədə məktəblər açması, televiziyalar yaratması istiqamətində proses gedir. Əlbəttə, bu prosesin təbiiliyini qəbul etmək şərtilə, hər bir məsələnin siyasi-ideoloji tərəfi var. Bəzən bu məsələ də gündəmə gəlir. Nəzərə almaq lazımdır ki, burada söhbət bu və ya başqa türk sıxışdırılmasından getmir. Söhbət Türkiyə türkcəsinin bu xalqlar arasında ortaq ünsiyyət dili kimi işlənməsindən gedir.

- Ortaq türk əlifba məsələsi ətrafında başlanan söhbətlər hansı müsbət və ya mənfi nəticələr verə bilər?

- Türkiyə türkcəsinin Atatürk tərəfindən qəbul olunan əlifbası var. Azərbaycan müstəqillik əldə edəndən sonra demək olar ki, həmin əlifbanı qəbul etdi. Amma burada müxtəlif fərqliliklər var. Bu gün Özbəkistanda bu istiqamətdə işlər sürətlə gedir. Bir neçə il ərzində Özbəkistanda da latın əsaslı əlifbaya keçiləcək. Qazaxıstan və Qırğızıstanda da araşdırmalar aparılır. Hər halda latin əlifbasına keçmək artıq türk dilləri arasında aparıcı mövqedədir. Bununla yanaşı, ən böyük problemlərimizdən biri əlifbanın uyğunlaşdırılması, unifikasiya deyilən bir prosesdir. Bunun üzərində düşünmək lazımdır ki, hər bir türk dilində eyni bir səsin eyni işarəsi olsun. Yəni, əlifbalar arasında səslərin fərqi olmasın. Bu da türk dünyasının inteqrasiyası, iqtisadi, mədəni, ideoloji inteqrasiyasının tərkib hissəsi olaraq məsələlər həll olunacaq.

- Türk dilinin məqbul hesab edilməsi digər türk dövlətləri, xalqları tərəfindən necə qarşılanır?

- Bir vaxtlar müxtəlif təkliflər səsləndirilirdi ki, bu türk dili yox, başqası olsun. Bu, tədricən məsələ kimi ortadan çıxır. Bu və ya ortaq başqa bir dilin gəlib ortaq ünsiyyət vasitəsi olması dilin imkanları ilə bağlı məsələdir. O dildə danışan cəmiyyətin imkanları ilə bağlı olan məsələdir. Burada düşünmək olmaz ki, həddindən artıq siyasi bir məsələdir. Ona görə də bunu belə həll etmək mümkün deyil.

- Keçidi asanlaşdırmaq üçün hansı mexanizm hazırlana bilər?

- Bu keçid prosesi davam edir, Yəni, burada ortaq mətbuat orqanlarının, televiziyaların, jurnalsit təşkilatlarının, dərsliklərin meydana çıxması və digərləri bu prosesə daha da təkan verəcək. Türkdilli dövlətlərin ortaq telekanalının yaradılmasına çox böyük ictimai maraq var.Ortaq türk kanalının maliyyələşdirilməsi ilə bağlı təkliflər səslənir. Əgər başqa cür yollar olmasa, bu ortaq kanal dövlətlər tərəfindən maliyyələşdirilə bilər. Hətta bu, ictimailəşmiş şəkildə ortaya çıxarsa, türk dünyasının iş adamları tərəfindən də maliyyələşdirilə bilər. Ortaq TV özəl televizya şəklində də ortaya çıxa bilər