“Türk dünyasının mədəni inteqrasiyası”

10 Noyabr 2011 16:23 (UTC+04:00)

Bu gün "Türk dünyasının mədəni inteqrasiyası: Ortaq türk əlifbası ortaq türk ədəbi dilli" mövzusunda konfrans keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbir Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası müasir inkişaf ictimai birliyi və Beynəlxalq Mətbuat Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub. Türkiyənin Azərbaycandakı səfiri Hulsi Kılıç millət vəkilləri, elm adamları və digər ictimai siyasi xadimlərin iştirak etdiyi konfransda mövzu ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Tədbirdə çıxış edən Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının sədri Sevil Yusifova bildirib ki, 2010-cu ildən etibarən bu günə kimi bu təşkilatdan olan qurumlar ortaq əlifba, dil, tarix, və ədəbiyyat kitabları ilə bağlı məsələdə imza toplama və təbliğat kampaniyasına başlayıb. Onun sözlərinə görə, Azərbaycan, Türkiyə və Kiprdə geniş dəstək görən kampaniyaya 100-dən çox ictimai təşkilat, siyasi partiyalar, mətbuat nümayəndələri qoşulub və hazırlanmış müraciəti imzalayıblar. Həmçinin o qeyd edib ki, tədbirin əsas məqsədi bu kampaniya haqqında ictimaiyyəti daha da genş məlumatlandırmaq və bu istiqamətdə səslənən fikirləri, təklifləri müasir qurumlara çatdırmaqdan ibarətdir.

Qeyd edək ki, tədbirin sonunda iştirakçılar tərəfindən müraciət qəbul edilib.


Könül Kamilqızı