Gəncədə tarixi abidələrin qeydiyyata alınması prosesinə başlanılıb. Bu məqsədlə Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən komissiya yaradılıb. Eyni zamanda Gəncə Regional Elmi Mərkəzdə qərargah fəaliyyətə başlayıb. Əsas məqsəd vətəndaşların köməyindən istifadə edərək hələ də üzə çıxmayan tarixi abidələri və qədim əşyaları tapmaq və şəhərin tarixini, dəqiq yaşını müəyyənləşdirməkdən ibarətdir. Gəncə şəhər Regional Elmi Mərkəzin şöbə müdiri Samir Pişnamazzadə SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, tərtib edilən siyahı günbəgün artmaqdadır. Başqa sözlə desək aparılan araşdırmalar nəticəsində bu günə kimi qədim tikililər, yaşayış ocaqları, məişətdə istifadə olunan qədim əşyalar aşkar edilib. Tarixçilərin fikrincə, Gəncə şəhərində bəzi evlərdə elə əşyalar var ki, onunla Gəncənin tarixinin daha dəqiq öyrənilməsi mümkün ola bilər. Hələ ki, vətəndaşlar alimlərlə istənilən səviyyədə çalışa bilmir. Başqa sözlə desək elm adamları prosesin gedişində sakinlərin biganə münasibətindən və maarifsiz olmağından narazıdır.
Qeyd edək ki, abidələrin tam qeydiyyata alınmasından sonra Gəncənin tarixinin öyrənilməsi xüsusi ilə asanlaşacaq. Bundan əlavə şəhərin tarixi abidələrinin dəqiq sayı da müəyyənləşəcək. Nəhayət ən önəmlisi dövlət tərəfindən bu abidələrin yenidənqurulması gündəmə gələcək ki, bu da milli keçmişimizin qorunmasında önəmli rol oynayacaq.