Rəssamlıq Akademiyasının tələbələri hesabat xarakterli sərgi keçirib. SİA-nın məlumatına görə, Bakıda Rəssamlıq Akademiyasının tələbələri - Mənsumə Hacılı, Xanım Tağızadə və Fidan Axundovanın rəssamlığın qrafika və rəngkarlıq sahəsində yaradılan 50-yə yaxın əsərindən ibarət rəsm sərgisi keçirilib.
Sərgi barədə Rəssamlıq Akademiyasının dosenti, əməkdar incəsənət xadimi Ziyadxan Əliyev məlumat verərək bildirib ki, gənclərin belə sərgilərdə çıxış etməsi bir növ onların yaradıcı cəsarətini nümayiş etdirir.
"Çox vaxt yaradıcılar yaxşı əl işləri olmasına baxmayaraq fəaliyyəti boyunca fərdi sərgilər etməkdən çəkinirlər. Fərdi sərgilər çox böyük məsuliyyət tələb edir. Gənc rəssamların bu cəsarəti nümayiş etdirməsi alqışa layiqdir", - deyə, Z.Əliyev qeyd edib.
Qeyd edək ki, əsərlər daha çox Qarabağ, məişət, müxtəlif portretlər və digər sosial məsələlər mövzusunda yaradılıb.