Sona Vəliyeva: “Kaspi Təhsil Mərkəzi 85-ə yaxın Azərbaycan gəncinin xaricdə təhsil almasına nail olub” - AÇIQLAMA

5 Noyabr 2011 14:28 (UTC+04:00)

4 ildir ki, Kaspi Təhsil Mərkəzində xaricdə təhsil bölməsi yaradılıb. Hər il Azərbaycan gəncliyinin ehtiyacını nəzərə alaraq müxtəlif sayda gənclər xaricdə təhsil almağa göndərilir. Bunu SİA-ya açıqlamasında Kaspi Təhsil Şurasının sədri Sona Vəliyeva deyib. O bildirib ki, bu günə qədər Kaspi Təhsil Mərkəzi 85-ə yaxın Azərbaycan gəncinin xaricdə təhsil almasına nail olub. Onun sözlərinə görə, mərkəz Amerika, Böyük Britaniya, Kanada, Avstriya, Almaniya, İsveçrə kimi ölkələrin 100-ə yaxın universiteti ilə əməkdaşlıq edir.

"Bizim bu günə kimi həyata keçirdiyimiz təhsil proqramları çərçivəsində fəaliyyətimiz ondan ibarətdir ki, Azərbaycanın təhsil siyasətinə özəl təhsil mərkəzi kimi öz töhfəmizi verək. Hesab edirəm ki, 4 ildə azdan-çoxdan buna nail olmuşuq, perspektivlər isə hələ ki, qarşıdadır. Gələn il daha geniş və yüksək səviyyədə təhsil sərgisi təşkil olunacaq", - deyə S.Vəliyeva əlavə edib.