Qarşıdan müqəddəs Qurban bayramı gəlir. Bu münasibətlə artıq soydaşlarımız hazırlıq işlərinə başlayıblar. Ukrayna Azərbaycanlıları Konqresindən aldığımız məlumata görə, həmyerlilərimiz Kiyev və digər şəhərlərdəki məsçidlərdə birgə namaz qıldıqdan sonra qurbanlar kəsəcək, dualar edəcəklər.
Zaporojye şəhərində yaşayan həmyerlimiz Mirtofiq Seyidovun dediyinə görə, Bayramda kəsilən qurbanlar əsasən imkansız ailələrədə paylanır: "Dəvət olunmuş yerli əhaliyə İslam dininin incəliklərindən, qurbanın savablarından danışılır ki , bu da bütövlükdə dinimizin aliliyindən xəbər verir. Belə tədbirlər zamanı yerli əhali bizim nə qədər mərhəmət sahibi olduğumuzun şahidi olur. Bu da bizə gələcəkdə Qarabağ kimi ağrılı problemlərimizdən danışarkən haqqın bizim tərəfimizdə olduğunu izah etməyimizə kömək edir. Göstəririk ki, insanlara yalnız mərhəmət, böyük-kiçiyə hörmət göstərən bir millət heç kimə pislik etməyib, əksinə bizim xalqın xarakterindən irəli gəlir ki, illərlə süfrəmizdən qidalanan bir millət sonda dinc əhalimizi zülm verib və öz torpaqlarından didərgin salıb. Odur ki, Qurban və digər müqəddəs bayramlarımızı təntənəli keçirməkdə məqsədimiz həm də millətimizin necə alicənab olmasını bir daha sübut etməkdir".
Qurban bayramının daha təntənəli keçiriləcəyi bölgələrdən biri də Krım Muxtar Respublikasıdır. Çünki burada daha çox müsəlman yaçayır.
Əlmaniz Ələkbərli, Ukrayna bürosu