Binaların tüstü bacaları kim tərəfindən və necə təmizlənməlidir?

4 Noyabr 2011 13:54 (UTC+04:00)

"Payız-qış mövsümündə təbii qaz istehlakçılarının sayı və tələbatı artdığından rejimlərdə yükləmələr olur. Buna görə də sızmaları müəyyən etmək və istehlakçıların bundan tez xəbər tutması üçün qaza odorant mayesi əlavə olunur". SİA-nın xəbərinə görə, bunu "Azəriqaz" İstehsalat Birliyinin Təhlükəsizlik, ekologiya və keyfiyyətə nəzarət şöbəsinin rəisi Abbasəli Quliyev tüstü bacalarının təmizlənməsi ilə bağlı problemlə aydınlıq gətirərkən deyib. O bildirib ki, bu maddə insan səhhəti üçün təhlükəsizdir.

Qışda 1000 kub qaza 16 qram, yayda isə 8 qram vurulduğunu deyən şöbə rəisinin sözlərinə görə, sızma olduğu halda odorant bunu sızmanı hiss edir. O qeyd edib ki, qazın keyfiyyəti və təzyiqi gündüz və axşam mövsümlərə uyğun tənzimlənir.

Tüstü bacalarının təmizlənməsinə gəlincə A.Quliyev bu məsələdə qaz istifadəçilərinin məsuliyyət daşıdığını deyib: "Fərdi mənzil sahibləri tüstü bacalarını özləri təmizləməlidirlər. Hündürmərtəbəli binaların sakinləri mənzil istismar sahələrinə, onlar isə öz növbəsində icra hakimiyyətlərinin nəzdində fəaliyyət göstərən fövqəladə halların araşdırılması və təhlili komissiyasına müraciət etməlidir. Yerli rayon icra hakimiyyətlərində təşkil olunan komissiyalar evlərə baxış keçirirlər. Tüstü bacalarında, ventilyasiya sistemlərində problem olan istehlakçılara qaz verilməsi müvəqqəti dayandırılır. Maarifləndirmə yönündə aparılan işlərə əhali bəzən ciddi diqqət yetirmir, təbii qazdan istifadə ilə bağlı təhlükəsizlik qaydaları pozulur.
Abunəçilər üzərlərinə düşən öhdəlikləri yerinə yetirməlidirlər".

"Azəriqaz" İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Tahir Kazımov isə əlavə edib ki, Fövqəladə Hallar Nazirliyinin Könüllü Yanğın Cəmiyyəti və rayonlarda bölmələri var. T.Kazımovun sözlərinə görə, həmin cəmiyyətlərin nəzdində tüstü bacalarının təmizlənməsi ilə məşğul olan ixtisaslaşdırılmış qurumlar fəaliyyət göstərir: "Bu qurma müraciət edildikdə, işin həcmi ölçülür, sonra tüstü-bacaların təmizlənməsi həyata keçirilir. Məktəblər, bağçalar, mehmanxanalar və xəstəxanalara gəlincə isə, onlar təsdiqedici arayışlar təqdim etdikləri halda qazanxanalarına qaz verilir. Tüstü bacaları ilə bağlı arayış hər il həmin müəssisələr tərəfindən təqdim olunmalıdır".