Miqrantların araşdırma mərkəzi və Müvəqqəti Saxlama Təcridxanaları araşdırılıb

4 Noyabr 2011 10:42 (UTC+04:00)

Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi Qanunsuz miqrasiyaya qarşı mübarizə idarəsinin Araşdırma mərkəzinə, habelə Xətai Rayon Polis İdarəsinin (RPİ) Müvəqqəti Saxlama Təcridxanasına, həmin RPİ-nin 37-ci polis bölməsinə, Nərimanov RPİ-nin MST-nə, həmin RPİ-nin 16 və 17-ci polis bölmələrinə başçəkmələr həyata keçirib. SİA-nın xəbərinə görə, baxış zamanı onlar saxlanma şəraitini araşdırıblar.

Yeni istifadəyə verilən, Avropa standartlarına cavab verən 70 nəfərlik Araşdırma mərkəzində və MST-lərdə saxlanılan şəxslərlə söhbət aparılıb, onlara hüquqları izah olunub. Həmin şəxslər saxlanma şəraitindən, müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən onlara qarşı rəftardan narazılıq etməyiblər. MPM qrupunun üzvləri adı çəkilən müəssisələrdə və polis bölmələrində saxlanmanın qanuniliyini təsdiq edən sənədlərlə də tanış olub, pozuntu halları aşkar edilməyib.

Eyni zamanda, qanunsuz miqrasiyaya qarşı mübarizə idarəsinin Araşdırma mərkəzində gəzinti yerinin olmaması nöqsan kimi qeyd edilib. Baxış keçirilən müəssisələrin rəhbərliyinə saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.