Belçika Konstitusiya Məhkəməsinin üzvü: “Siyasi məhbus” anlayışının təkcə Azərbaycana istifadə edilməsi təəccüb doğurur\"

2 Noyabr 2011 14:21 (UTC+04:00)

"Avropa Şurası tərəfindən tətbiq edilən "siyasi məhbus" anlayışının hüquqi təbiəti və bu anlayışın Avropa Şurasına üzv olan dövlətlərdən yalnız Azərbaycana münasibətdə istifadə edilməsi bizdə təəccüb doğurur". SİA-nın xəbərinə görə, bunu Belçika Konstitusiya Məhkəməsinin üzvü Jan Pol Muraman deyib.

Cari ilin 7-8 oktyabr tarixində "İnsan Haqları Uğrunda" İctimai Birliyi ilə Norveçin Xarici İşlər Nazirliyi arasında "Azərbaycanda siyasi məhbusların Avropa Şurası və BMT-nin meyarları əsasında müəyyən olunaraq seçilməsi və onlar haqqında məlumat bazasının yaradılması" layihəsinin həyata keçirilməsinə dair sazişin imzalanmasını xatırladan hakim bildirib ki, Norveçin yerli siyasi müttəfiqlərinin iddia edilən hər hansı siyahının nəşri Avropa Şurasına üzv olan 47 dövlətdə siyasi məhbuslarla bağlı obyektiv meyarların müəyyənləşməsi prossesinin yekunlaşdırılmadığı bir vaxta təsadüf edir və arzuolunmaz presedentlərin və ikili standartlar kimi ciddi risklərin ortaya çıxmasına səbəb olur: "Avropa Şurasının hər hansı üzvünün müxtəlif məsələlərlə bağlı digər üzv dövlətin daxili işlərinə müdaxiləsi qəbuledilməzdir. Dövlətlər belə məsələlərin yalnız AŞ səviyyəsində müzakirəyə çıxarılması hüququna malikdirlər. Nə universal, nə də regional beynəlxalq təşkilatlar tərəfindən indiyədək siyasi məhbus anlayışını özündə əks etdirən sənədlər qəbul edilməyib. Ümumiyyətlə, bu anlayış beynəlxalq hüquqda müəyyən olunmayıb. Avropanın inkişaf etmiş dövlətlərindən olan Norveçin rəsmi dövlət qurumlarının Azərbaycanda həyata keçiriləcək şübhə doğuran layihəni imzalaması və ona maliyyə dəstəyi ayırması təəssüf doğurur. Norveçin bu layihədə iştirakı belə bir fikir yaradır ki, o, digər suveren dövlətin daxili məsələlərinə müdaxilə kimi görünə bilən bir tədbirə cəlb olunub. Başqa dövlətin daxili işinə qarışmaq yolverilməzdir. Dövlətin demokratik quruluşunu formalaşması üçün stabillik əhəmiyyət kəsb edir".

Azərbaycanda söz azadlığının və müxalifət partiyalarının rolunun artdığını deyən hakim Jan Pol Murman bildirib ki, Azərbaycanda rəsmi qeydiyyatda olan 55 müxalifət partiyası və sərbəst nəşr olunan müxalifət qəzetləri ilə Azərbaycan tədricən müxalifət partiyalarının vətəndaş cəmiyyətində rolunun açıq və nəzərəçarpan dərəcədə artdığı və söz azadlığının olduğu demokratiyaya doğru gedir: "Ölkənin sosial iqtisadi inkişafı dini tolerantlığa paralel şəkildə aparılır və enerji yönümlü iqtisadiyyatın diversifikasiyası çox şey vəd edir. Azərbaycanın Aİ-nin strateji enerji tərəfdaşı kimi qalması öhdəliyi də təqdirəlayiqdir".

O deyib ki, Azərbaycan hökumətinin ifadə azadlığı barədə öhdəliyi düzgün istiqamət alır və bu, hökumətin Avropa İttifaqı İnsan Haqları Məhkəməsinin son qərarına riayət etməsi, ötən yaz müxalifətyönümlü fəal jurnalist Eynulla Fətullayevin əfvi və ona təzminat ödənilməsi ilə sübuta yetirildi: "Bu qərar Aİ-nin ən ali üzvləri tərəfindən müsbət qarşılanıb"-deyə o əlavə edib.


Şahin Abasov, SİA-nın Almaniyadakı xüsusi müxbiri