Cəbrayıl Əzimovun 85 illik yubileyi münasibətilə xatirə gecəsi keçiriləcək

27 Oktyabr 2011 11:23 (UTC+04:00)

Oktyabrın 28-də Dövlət Film Fondunda Azərbaycanın görkəmli kino rəssamı, əməkdar rəssam Cəbrayıl Əzimovun 85 illik yubileyi münasibətilə xatirə gecəsi keçiriləcək.


Film Fonddan SİA-ya verilən məlumata görə, tədbirdə rəssamın foto və eskizlərinin sərgisi, filmlərindən fraqmentlər və xatirə çarxı nümayiş olunacaq, onunla bağlı xatirələr danışılacaq.


Cəbrayıl Əzimov 1926-cı ildə Bakıda anadan olub. Ə.Əzimzadə adına Rəssamlıq məktəbini (1946), Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsini (1953) bitirib. 1953-cü ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rəssam işləyib. "Görüş", "Sehirli xalat", "Bir qalanın sirri", "Leyli və Məcnun" və digər filmlərin quruluşçu rəssamıdır. 1969-cu ildə vəfat edib.


Qeyd edək ki, Cəbrayıl Əzimov Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Rafiq Əzimovun əmisi, "Əhməd haradadır" filmində Leyla rolunun ifaçısı Töhfə Əzimovanın həyat yoldaşı olub.