Qriqol Vaşadze: “Gürcüstan lazım gələrsə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək etməyə hazırdır”

26 Oktyabr 2011 15:28 (UTC+04:00)

Gürcüstan lazım gələrsə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək etməyə hazırdır. SİA-nın xəbərinə görə, bunu Azərbaycanda səfərdə olan Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze azərbaycanlı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında deyib: "Cənubi Qafqaz bütöv orqanizmdir, onu parçalamaq mümkün deyil. Hər üç Cənubi Qafqaz ölkəsi anlamalıdır ki, biz eyni vəziyyətdəyik və bizim müstəqilliyimiz, suverenliyimiz ayrılmaz surətdə bağlıdır. Əgər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Gürcüstanın vasitəçiliyi lazım olarsa, biz hazırıq".

Eyni zamanda Q. Vaşadze Azərbaycanın BMT Təhlükəsizlik Şurasına müvəqqəti üzv seçilməsi münasibəti ilə təbrik edib: "Belə bir tarixi anda Bakıda olduğuma görə çox şadam. Azərbaycan diplomatiyası qalib gəlmək üçün çox böyük iş apardı".