Vaqif Cavadov: "Avstriya ilə oyundan sonra bildirmişəm ki, əgər milliyə lazım deyiləmsə, biletimi alın gedim Moskvaya"-MÜSAHİBƏ

10 Oktyabr 2011 17:05 (UTC+04:00)

Siasport.az saytı milli komandadan imtina edən Vaqif Cavadovun müsahibəsini nəzərinizə çatdırır:


- Yığmadan imtina etməyinlə bağlı xəbər doğrudumu?

- İlk növbədə bildirmək istəyirəm ki, mən belə bir söz deməmişəm. Kimsə mənim ağzımdan millidən imtina etməyim barədə söz çıxardığımı söyləyə bilməz. Mən Azərbaycan yığmasında oynamaqdan həmişə qürur duymuşam. Mən 16 yaşımdan Rusiya milisindən gələrək Azərbaycan yığmasında oynamışam. Məni bəziləri kimi arxamca 3 dəfə Moskva gəlib dəvət etməyiblər. Sadəcə olaraq Avstriya ilə oyundan sonra bildirmişəm ki, əgər milliyə lazım deyiləmsə, biletimi alın gedim Moskvaya. Oteldə belə bir söz söylədiyimi etiraf edirəm. Ancaq AFFA-nın baş katibi Elxan Məmmədov zəng edib soruşmadı ki, niyə belə bir qərar vermişəm. Yəqin yığmaya lazım olmadım ki, mənim biletimi alaraq Moskvaya yola saldılar. Bəli, bu səbəblərə görə mən millidən getmişəm.

İndi söyləyirlər ki, Vaqif Cavadov Beri Foqts onu Avstriya ilə oyunda əvəzlədiyinə görə acıq edərək millini tərk edib. Ancaq bu, yanlış məlumatdır. Heç bir məşqçi deyə bilməz ki, nə vaxtsa əvəzlənməyimin səbəbini soruşmuşam.


- Yığmadan getmək qərarın qətidirmi?

- Xeyr, qəti qərarımı verməmişəm. Yenə demək istəyirəm ki, mən millidən imtina etdiyimi söyləməmişəm. Sadəcə demişəm ki, milliyə lazım deyiləmsə, biletimi alın qayıdım Moskvaya.


- Mətbuatda sənin haqqında yazılanlara münasibətin necədi?

- Mən inanmızdım ki, haqqımda bu cür məlumatlar yayıla bilər. Başa düşdüm ki, tanıdığım adamların çoxusu ikiüzlüdür. Yenə təkrar edirəm ki, bəzi adamlar üçün 3 dəfə Moskvaya gedib Azərbaycan millisinə dəfət ediblər. Mən Bakıda ola-ola isə soruşmadılar ki, Moskvaya getməyimin səbəbi nədir. 16 yaşından Azərbaycan yığmasında pis-yaxşı çıxış edən bir futbolçu kimi mənə haqsızlıq olub və mən bundan çox üzülürəm.//ANS TV