"Azərbaycan gənclərinin xaricdə təhsili üzrə" Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alaraq məzun olan gənclərin hamısı işlə təmin olunub. SİA-nın xəbərinə görə, bunu təhsil nazirinin müavini Qulu Novruzov deyib. O bildirib ki, xaricdə təhsil alan gənclərin Azərbaycanda iş tapmaq problemi olmur. Onun sözlərinə görə, həmin gənclər dövlət qulluğuna işə qəbul zamanı müsabiqədə iştirak etmədən birbaşa müsahibəyə qatılırlar. Nazir müavini vurğulayıb ki, hərbi xidmətə çağırılan gənclər istisna olmaqla, xaricdə məzun olan gənclərin hər biri müvafiq yerlərdə özlərinə işlər tapa bilirlər. O qeyd edib ki, təkcə Dövlət Neft Fondunda xaricdə təhsil alan 10, Milli Bankda 8, digər dövlət qurumlaırnda isə müəyyən sayda məzunlar işləyir.Bundan əlavə, nazir müavini nazirliyin adının "Elm və Təhsil Nazirliyi" qoyulması ilə bağlı edilən təklifə münasibət bildirib: "Azərbaycanda bəzi ölkələrdən fərqli olaraq, Azərbaycan Milli Elmlər Akademiyası fəaliyyət göstərir. Akademiya ləğv olunarsa, universitetlərə birləşdirilərsə, belə bir adın qoyulması mümkün ola bilər. Bütün dünyada elmi tədqiqatların aparılması universitetlərin fəaliyyətinin ayrılmaz hissəsi hesab edilir. Ali məktəblərdə tədqiqatların aparılmasına indikindən daha artıq yer vermək lazımdır".