Avropanın Şərq tərəfdaşları

1 Oktyabr 2011 12:57 (UTC+04:00)

Varşavada Avropa Birliyinin "Şərq tərəfdaşlığı" sammiti keçirildi. Avropa Birliyi ölkələrinin, eləcə də "Şərq tərəfdaşlığı" proqramına üzv dövlətlərin rəhbərlərinin iştirak etdiyi toplantıda Azərbaycanı prezident İham Əliyev təmsil edirdi.

Almaniyadan kansler Angela Merkel, Fransadan baş nazir Fransua Pion, Böyük Britaniyadan baş nazirin müavini, İtaliyadan xarici işlər naziri, İspaniyadan baş nazir Xose Sapatero sammitə qatılıblar. Bir sıra ölkələr ancaq səfirlər səviyyəsində təmsil olunub. Bundan əlavə, Avropa Komissiyasının prezidenti Joze Manuel Barozzo də sammitə qatılıb. Təşəbbüsə daxil olan Belarusun prezidenti Aleksandr Lukaşenkonun isə Avropaya girişi qadağan olunduğundan bu ölkədən sammitə xarici işlər naziri dəvət olunub. Ancaq Minsk sammitdə iştirakı Belarusun Polşadakı səfirinə həvalə edib.

Toplantının məqsədi postsovet ölkələrinin Avropaya inteqrasiyasının sürətləndirilməsi və qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsidir. Bir çox vacib ikitərəfli görüşlərin keçirilməsi baxımından da əhəmiyyətli olan sammitdə əməkdaşlığın siyasi və iqtisadi aspektləri, prioritet proqramlar, Avropanın maliyyə institutları ilə əməkdaşlıq, viza rejimi və digər məsələlər ətrafında müzakirələr aparıldı.

Sammitin yekun bəyannaməsinin mətni artıq hazırdır. Bu sənədə əsasən təşəbbüsə daxil olan ölkələr "Şərqi Avropa ölkələri" kimi rəsmən tanınacaq. İndiyədək keçmiş sovet respublikalarından ancaq Moldova, Belarus və Ukrayna Şərqi Avropa ölkəsi kimi tanınırdı. Coğrafi baxımdan Cənubi Qafqaz respublikaları tam olaraq Avropa qitəsinə aid edilmirdi. Lakin sammitdə iştirak edən Polşa diplomatları bildiriblər ki, İtaliya nümayəndə heyəti "Şərq tərəfdaşlığı" ölkələrinin "Şərqi Avropa ölkələri" kimi tanınmasına etiraz edir. Rəsmi Roma hesab edir ki, bu termin gələcəkdə həmin ölkələrə Aİ-yə tamhüquqlu üzv olmaq üçün müraciət etməyə əsas yaradacaq. Lakin Polşa və bir sıra Qərbi Avropa ölkələrinin, o cümlədən Böyük Britaniyanın səyləri nəticəsində İtaliyanın etirazlarını neytrallaşdırmaq mümkün olub. Dünən məlum olub ki, Ukrayna nümayəndə heyəti də sammitin yekun bəyannaməsinin mətninə etiraz edir. Ukrayna tərəfi bildirir ki, sənəddə təşəbbüsə qoşulan ölkələrə Aİ-yə üzv olmaq üçün müraciət etməyə yol açan müddəa olmalıdır.

Sammitdə həmçinin birgə bəyannamə də qəbul olundu. Sammit iştirakçıları "Şərq Tərəfdaşlığı" proqramının icrasının davamını alqışladıqlarını bəyan edib. Sənəddə "dondurulmuş" münaqişələrin həllinin vacibliyi də vurğulanıb. Qeyd edilib ki, münaqişələrin həlli, dinc qonşuluq və qarşılıqlı etimad mühitinin formalaşdırılması bölgədəki əməkdaşlıq üçün xüsusi önəm daşıyır.

Birgə bəyannamədə həmçinin Avropa Birliyinin Gürcüstanla viza rejiminin sadələşdirilməsinə dair apardığı danışıqların başa çatdığı, Moldova və Ukrayna ilə danışıqların davam etdiyi, Azərbaycan və Ermənistanla isə danışıqların başlandığı alqışlanıb.

Lakin sammitdə maraq doğuran digər məsələlər də öz əksini tapıb. Belə ki, sammitdə Avropa İttifaqı ölkələrinin dövlət və hökumət başçıları Belarusda insan hüquqları ilə bağlı vəziyyəti pisləyən bəyannaməni imzalayıblar. Lakin proqramda iştirak edən Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova və Ukrayna Belarusu açıq şəkildə pisləməkdən imtina ediblər.

Öz növbəsində isə Belarus prezidenti Aleksandr Lukaşenko qəbul edilən bəyannəməni lazımsız adlandırıb: "Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramı, adına baxmayaraq bərabərhüquqlu münasibətləri nəzərdə tutmur. Mən özümə belə bir sual verirəm: nə vaxt "Şərq tərəfdaşlığı" bir ölkəyə, yəni bizə siyasət və diplomatiya dərsi keçmək məktəbindən normal tərəfdaşlığa çevriləcək? Nə vaxt iqtisadi layihələri həyata keçirməyə başlayacağıq? Demək biz hamını prezidentlər səviyyəsində dəvət edirik, amma Belarusu başqa səviyyədə dəvət edəcəyik. Çox sağ olun. Biz tərəfdaşlığı dəstəklədiyimiz üçün Varşavadakı səfirimizə nümayəndə heyətinin rəhbəri qismində çıxış etməyi xahiş elədik. Onlar gözləmirdilər. Elə bilirdilər, biz ağlayacağıq, nəsə xahiş eləyəcəyik".

O, eyni zamanada "Şərq tərəfdaşlığı" ölkələrinin rəhbərlərinə verdikləri dəstəyə görə minnətdarlığını bildirib. O, xüsusilə Azərbaycan və Gürcüstan prezidentləri İlham Əliyev və Mixail Saakaşviliyə fəallıqlarına görə təşəkkür edib.