"Qarabağ" çempionatın iddialı komandalarından AZAL-la qarşılaşdı. Oyundan qabaq komanda daha bir üzücü xəbər almışdı. Rauf Əliyevin ardından Əfran İsmayılovun da oyunu buraxacağı məlum olmuşdu. Əvəzində Vüqar Nadirov sıraya dönmüşdü. Siasport.az saytı xəbər verir ki, elə matçın qəhrəmanı 24 yaşlı hücumçu oldu. Düzdür, oyun komanda üçün uğursuz başladı. Artıq 4-cü dəqiqədə vaxtilə "Qarabağ"da baxışda olmuş Boqyu "ev" sahiblərini hesabda önə keçirdi. Amma, "Qarabağ" getdikcə toparlandı və Vüqarın qərarlaşdığı sağ cinahdan təhlükəli həmlələrə başladı. Adamiyanın baş zərbəsi qapıdan aralı keçsə də, 16-cı dəqiqədə Arsenyeviç topu öz qapısına göndərmək məcburiyyətində qaldı. Cəmi 5 dəqiqə sonra isə ilk qolun təkrarı yaşandı. Bu dəfə də Vüqar Adamiyanı dəqiq gördü və gürcü də qapını nişan aldı.
İlk yarının qalan bölümündə də "Qarabağ" qola yaxın oldu, lakin hər dəfə son anda top tora daxil olmaq istəmirdi. İkinci yarı da ssenari davam edirdi. Ardıcıl hücumlar hər an 3-cü qolu hiss etdirirdi. Sadiqov, Roşa, Vüqar, Adamiya qola yaxın olsa da, yenə də sonuncu fərqləndi. Vüqarın zərbəsindən sonra Adamiya dönən topu gözəl hərəkətlə tora göndərdi. Ötən mövsümün bombardiri qollarının sayını 3-ə çatdıraraq cari mövsümdə də titulunu qorumaq istədiyini nümayiş etdirdi. Az sonra isə Adamiya yerdə qalsa da, hakim qeyri-adi qərar qəbul edərək gürcüyə 2-ci sarı vərəqə göstərərək meydandan qovdu.
Buna baxmayaraq komanda sonadək hesabı qorudu və 2005-2006 mövsümündən sonra ilk dəfə "təyyarəçi"lərə 3 qol vurdu. Komanda eyni zamanda ötən mövsümün son turunda eyni stadionda alınmış eynihesablı məğlubiyyətin əvəzini çıxdı.