Avropa İttifaqı: Bu dövlətlər birliyi haqda nə bilirik?

21 Sentyabr 2011 12:06 (UTC+04:00)

Avropa Birliyi və ya Avropa İttifaqı 27 dövləti birləşdirən dövlətlərüstü və eyni zamanda dövlətlərarası iqtisadi və siyasi təşkilatdır. Formal olaraq 1 noyabr 1993-cü ildə Maastrixt sazişi ilə təsis edilmiş bu ittifaqın təməli 18 aprel 1951-ci il tarixli Paris Müqaviləsinə əsasən, Belçika, Almaniya, Fransa, Niderland, Lüksemburq və İtaliya tərəfindən Avropa Kömür və Polad Birliyinin (AKPB) yaradılması ilə qoyulub.

Təşkilatın mənzil qərargahı Brüsseldə yerləşir.



Əsas təsis sənədləri


* 1951-ci il - Avropanın Polad və Kömür birliyinin yaradılması haqqında müqavilə.

* 1957-ci il - Avropanın Atom Enerjisi birliyinin yaradılması haqqında müqavilə.

* 1957-ci il - Avropanın İqtisadi Birliyinin yaradılması haqqında Roma müqaviləsi

* 1965-ci il - Avropa İqtisadi Birliyinin, Avropa Atom Enerjisi Birliyinin, Avropa Polad və Kömür Birliyinin vahid şəkildə birləşməsi üçün Brüssel müqaviləsi

* 1986-cı il - Vahid daxili bazarın yaradılması və siyasi əməkdaşlıq haqqında vahid Avropa aktı

* 1990-cı il - Şengen müqaviləsi

* 1992-ci il - Maastrixt sazişi

* 1997-ci il - Amsterdam müqaviləsi


Tarix:


Avropa Birliyi üzvü olan dövlətlərin hökumət siyasətlərində uzun müddətli bir hədəf halına gəlməmişdən əvvəl sadəcə filosofların və uzaqgörən insanların düşüncələrində yaşayırdı. Avropa Birləşmiş Ştatları və ya Dövlətləri humanist və sülhsevər bir xəyalın parçası idi. Avropa illərcə tez-tez baş verən qanlı müharibələrə şahid olmuşdur. 1870-1945-ci illərdə Fransa və Almaniya 3 dəfə müharibə etdilər. Çoxlu insan həlak oldu. Bu fəlakətlərdən sonra bəzi Avropa ölkələrinin liderləri sülhün təmin olunmasının yeganə yolunun ölkələrin iqtisadi və siyasi yöndən birləşməsi olduğu fikrinə gəldilər. Avropada milli uzlaşmazlıqları dəf edə biləcək bir təşkilatın qurulması İkinci Dünya Müharibəsi zamanı totalitar rəhbərliklərə qarşı mübarizə aparan müqavimət hərəkatlarından qaynaqlanmışdır.

Avropada bütünləşmə müddətinə sürət qazandıran biri federasiya tərəfdarı, digəri funksional olan iki hərəkatın müdafiəçiləri italiyalı federalist Altiero Spinelli ilə 1951-ci ildə Avropa Kömür və Polad İttifaqının (AKPİ) qurulmasına yol açan Şuman Planının ilham qaynağı Jan Monnetdir. Hər iki cərəyanın fərqli fikirləri var idi. Nəticə olaraq 1951-ci ildə Avropa Kömür və Polad İttifaqı Belçika, Qərbi Almaniya, Lüksemburq, Fransa, İtaliya və Niderlanddan ibarət 6 üzv ilə quruldu. Bu ölkələrdəki kömür və polad sənayesi ilə əlaqədar alınan qərarlar, müstəqil bir quruma ötürüldü. Sözügedən qurumun ilk başçısı isə Jan Monnet oldu.

Avropa İttifaqı 1995-ci ildə ilk fəallarının xatirəsinə tikilmiş bir abidə kimidir; iqtisadi, sənaye, siyasət, vətəndaş haqları və xarici siyasət sahələrini əhatə edən çoxsektorlu bütünləşmənin ən üstün formasıdır. Avropa Kömür və Polad İttifaqını quran Paris Müqaviləsi (1951), Avropa İqtisadi Birliyini və Avropa Atom Enerjisi Birliyini quran Roma Müqavilələri (1957), Vahid Avropa Sənədi (1986) və Maastrixt sazişi (1992) üzv dövlətləri hegemon dövlətlər arasındakı ənənəvi müqavilələrdən daha möhkəm bir formada bir-birinə bağlayan AB-nin hüquqi təməllərini meydana gətirir. Avropa Birliyi birbaşa tətbiq edilmə imkanı olan bir qanun təşkil etmə hüququna malikdir və vətəndaşları leyhinə xüsusi haqlar təyin edə bilir.

Birliyin işləri başlanğıcda altı qurucu üzvü (Almaniya, Belçika, Fransa, Niderland, İtaliya və Lüksemburq) arasında bir kömür və polad ortaq bazarının qurulması ilə məhdudlaşırdı. Müharibə sonrasındakı o günlərdə müharibənin qalib və məğlublarını bərabərhüquqlu olaraq əməkdaşlıq edə biləcəkləri bir təşkilati qurğu içində bir yerə toplayan İttifaq təməlində sülhə zəmanət vermənin bir aləti olaraq başa düşülürdü. Altılar 1957-ci ildə Fransız Milli Məclisinin Avropa Müdafiə İttifaqı layihəsini rədd etməsindən üç il sonra mübarizə apararaq mal və xidmətlərin sərbəst hərəkətinə aid bir iqtisadi birlik qurmağa qərar verdilər.

Avropa İqtisadi Birliyi 1957-ci ildə altı Qərbi Avropa dövləti (Almaniya, Fransa, Belçika, Niderland, Lüksemburq və İtaliya) arasında imzalanan "Roma Anlaşması" ilə qurulmuşdur. AİB-nə hüquqən və faktiki olaraq beynəlxalq bir qurum olma gücünü qazandıran Anlaşma 1 yanvar 1958-ci il tarixində qüvvəyə minmişdir. Roma Anlaşması 248 maddə və protokoldan ibarətdir.

AİB-nin ən son hədəfi Avropanın siyasi bütünlüyə nail olmasıdır. Bu hədəfə çatmaq üçün nəzərdə tutulan iqtisadi tarazlığı təmin etmək üçün ilk vasitə olaraq üzv ölkələr arasında malların, xidmətlərin, sərmayənin və əməyin sərbəst hərəkət etdiyi bir ortaq bazar və gömrük birliyi qurulması nəzərdə tutulmuşdur. Roma Anlaşmasının 2-ci maddəsində AİB-in hədəfi "Birliyin vəzifəsi ortaq bazarın qurulması və üzv ölkələrin iqtisadi siyasətlərinin getdikcə yaxınlaşdırılması vasitəsilə Birliyin daxilində iqtisadi fəallıqların qanunauyğun inkişafını, sürətli və taraz bir yayılmanı, artan bir sabitliyi, həyat səviyyəsinin sürətlə yüksəldilməsini və birləşdirdiyi dövlətlər arasında daha möhkəm münasibətlər qurmaqdır" şəklində ümumiləşdirilmişdir.

Məmulatlarda gömrük vergiləri planlaşdırıldığı kimi 1 İyul 1968-ci ildə ləğv edildi; xüsusilə kənd təsərrüfatı və ticarət siyasətləri olmaqla ortaq siyasətlər 60-cı illərin sonunda yerini tutmuşdu. Altıların uğuru Böyük Britaniya, Danimarka və İrlandiyanın Birlik üzvlüyünə müraciət etməsinə səbəb oldu. General Şarl de Qollun idarəsi altında olan Fransanın 1961-ci ildə və 1967-ci ildə iki dəfə veto hüququnu istifadə etdiyi çətin bir dövrdən sonra bu üç ölkə 1972-ci ildə üzvlüyə qəbul edildilər. Üzv dövlət sayını altıdan doqquza yüksəldən ilk genişlənmə ilə birlikdə Birlik sosial və regional mövzularda üzərinə götürdüyü məsuliyyətlərlə yeni bir nüfuz qazandı.

1973 və 1979-cu illərdəki iki neft böhranı dünya səviyyəsində pulun qeyri-sabitliyini daha da artırdı. 1979-cu ildə Avropa Pul Sisteminin dövriyyəyə girməsi valyuta məzənnələrinin sabitləşməsinə kömək etdi. Birlik 1981-ci ildə Yunanıstanın, 1986-cı ildə də İspaniya və Portuqaliyanın qatılmaları ilə cənuba doğru genişləndi. Bu genişlənmələr On ikilərin iqtisadi inkişafları arasındakı fərqlilikləri azaltmağa yönələn proqramların həyata keçirilməsini zəruri etdi. Bu dövrdə Birlik Aralıq dənizinin cənubu ilə Afrika, Karib və Sakit Okean ölkələri ilə yeni anlaşmalar imzalayaraq beynəlxalq səviyyədə daha mühüm bir rol oynamağa başladı; Afrika, Karib və Sakit Okean ölkələri bir-birinin ardınca dörd Lomé Müqaviləsi (1975, 1979, 1984 ve 1989) ilə Birliklə əlaqə qurdular. Bütün Birlik üzvləri olan ölkələr arasında 15 Aprel 1994-cü ildə Mərakeşdə imzalanan bir müqavilə ilə dünya ticarətinin inkişafında yeni bir dövrə addım atıldı.

1 Yanvar 1995-ci ildə Avropa Birliyinə üç yeni üzv qəbul edildi. Avstriya, Finlandiya və İsveç özlərinə məxsus yardımları ilə Birliyi zənginləşdirir, Orta və Şimali Avropada yeni açılmaları təmin edirlər. 2004-cü ildə isə on yeni ölkə Avropa Birliyinə üzv oldu. (Kipr, Çex Respublikası, Estoniya, Macarıstan, Latviya, Litva, Malta, Polşa, Slovakiya və Sloveniya). 1995-ci il tarixində üzvlük müraciətləri qəbul edilən Bolqarıstan və Rumıniya ilə 2000-ci ildə rəsmi müzakirələr başlandı və 2007-ci ildə birlik üzvü ola biləcəkləri düşünülür. 1987-ci ildə üzvlük müraciəti edən Türkiyə isə 3 Oktyabr 2005-ci ildə müraciət sənədinin qəbul edilməsi ilə rəsmən müzakirə müddətinin başlanmasına haqq qazandı. Müzakirələrin ilk hissəsinin tamamlanması tarixinin 2006-cı ilin sentyabrı olacağı düşünülürdü. 2003-cü ildə namizədlik müraciəti edən Xorvatiya ilə 2005-ci ildə müzakirələrə başlanmışdır. 2004-cü ildə namizədlik müraciəti edən Makedoniya isə 2005-ci ilin Dekabrında namizəd ölkə statusu qazanmışdır. Son olaraq da Albaniya, Serbiya-Çernoqoriya, Bosniya Hersoqovina və BMT tərəfindən qorunan Kosova namizədlik statusunu gözləyən ölkələrdir.


Avropa Birliyinin genişlənməsi 1957-2007


Genişlənmə XXI əsrə hazırlaşan Avropa Birliyi üçün ən vacib fürsətlərdən biri idi. Yeni üzvlərə bir sabitlik və rifah bölgəsi təqdim edərək, qitənin sülh yolları ilə bütünləşməsini daha irəliyə götürmək üçün bənzərsiz tarixi bir vəzifədir. AB indidən uğurlu bir genişlənmə keçmişinə sahibdir. Avropa Kömür və Polad İttifaqının qurulmasına aid Paris Anlaşması (1951) ilə Avropa İqtisadi Birliyinin və EURATOMun qurulmasına aid Roma Anlaşması (1957) altı qurucu üzv tərəfindən imzalanmışdır: Belçika, Fransa, Almaniya, İtaliya, Lüksemburq və Hollandiya. AB bundan sonra dalbadal dörd genişlənmə müddətindən keçmişdir:

* 1957 Belçika, Fransa, Almaniya, İtaliya, Lüksemburq və Hollandiya (qurucu Üzvlər)

* 1973 Danimarka, İrlandiya və İngiltərə

* 1981 Yunanıstan

* 1986 Portuqaliya və İspaniya

* 1995 Avstriya, Finlandiya və İsveç

* 2004 Estoniya, Litva, Latviya, Çex Respublikası, Polşa, Kipr, Slovakiya, Sloveniya, Malta və Macarıstan

* 2007 Rumıniya, Bolqarıstan

Avropa Şurası 1997-ci il Dekabrda Lüksemburq Zirvəsində genişlənməni mümkün hesab edən müddəti başlatmışdır. Bu müddətdə ilk növbədə aşağıda göstərilən on iki ölkə namizəd ölkə statusu almışdır: Bolqarıstan, Cənubi Kipr Rum İdarəsi, Çex Respublikası, Estoniya, Macarıstan, Latviya, Litva, Malta, Polşa, Rumıniya, Slovakiya və Sloveniya.


Avropa Komissiyasının tövsiyəsi ilə 31 Mart 1998-ci ildə altı ölkə ilə müzakirələrə başlanmışdır: Kipr, Çex Respublikası, Estoniya, Macarıstan, Polşa və Sloveniya.


Malta 1996-cı ildə ‘dondurmuş’ olduğu üzvlük müraciətini 1998-ci ilin Oktyabrında yenidən başlatmışdır. Avropa Şurası 1999-cu ilin Dekabrında Helsinki Zirvəsində üzvlük müddətinin keyfiyyətini əhatəli şəkildə artırmış və Avropa Komissiyasının tövsiyəsinə əməl edərək altı üzv ölkəylə daha rəsmi üzvlük müzakirələrini başlatmağa qərar vermişdir: Bolqarıstan, Latviya, Litva, Malta, Rumıniya və Slovak Respublikası. Bu altı ölkə ilə müzakirələr 15 Fevral 2000-ci ildə rəsmən açılmışdır. Avropa Şurası Helsinkidə Türkiyənin digər üzv ölkələrə tətbiq olunan eyni kriteriyalara görə Birliyə qatılma yolunda bir üzv olduğunu da qeyd etmişdir.

1 May 2004-cü il tarixində 10 yeni üzv ölkənin (Çex Respublikası, Macarıstan, Polşa, Slovakiya, Sloveniya, Litva, Latviya, Estoniya, Malta və Kipr) AB-yə rəsmən qatılması ilə AB tarixinin ən əhatəli genişlənməsini tamamlamış oldu. Cəmi 378 milyon əhalisi olan AB-nin əhalisi son genişlənmə ilə birlikdə 454 milyona çatarkən; 10 yeni ölkənin qatılmasıyla AB-nin rəsmi dillərinin sayı da 11-dən 20-yə yüksəldi. Avropa qitəsinin tarixi bölünməsini sona çatdıran bu genişlənmə dalğası AB-nin sosial, mədəni, iqtisadi tarazlıqları ilə birlikdə təşkilati dayağını da böyük ölçüdə dəyişdirdi.


Avropa Birliyinin qurumları


Avropa Birliyi sülhü qorumaq, iqtisadi və sosial irəliləməni təmin etmək məqsədilə toplanmış 25 Üzv Dövlətdən ibarətdir. Birliyin içində ortaq qurumları olan üç İttifaq yer alır. Birincisi 1951-ci il tarixli Paris Anlaşması ilə qurulan Avropa Kömür və Polad Birliyidir. Daha sonra 1957-ci il tarixində Roma Anlaşması ilə Avropa İqtisadi Birliyi və Avropa Atom Enerjisi Birliyi (EURATOM) qurulmuşdur. İttifaqlar bu müddətin sonunda üzv dövlətlər arasındakı bütün daxili sərhədləri ləğv edərək vahid bir bazar qurublar. 1992-ci ildə Maastrichdə imzalanan Avropa Birliyi Anlaşması ilə iqtisadi və pul birliyi formasında irəliləyən və məlum sahələrdə hökumətlərarası əməkdaşlığı əhatə edən bir Avropa Birliyi qurulmuşdur. Avropa Birliyini isə bənzəri olan iqtisadi birliklər və ya əməkdaşlıq elədiyi qurumlardan fərqləndirən ən böyük xüsusiyyət təşkilati bünövrəsidir. Birliyi idarə edən qurumlar bunlardır: Demokratik yollarla seçilən Parlament, Üzv Dövlətləri təmsil edən və nazirlərdən ibarət Şura, Avropa Dövlət və Hökumət Başçıları Zirvəsi, Anlaşmaların qoruyucusu olan Komissiya, Birliyin hüququna uyğunlaşmanı təmin edən Ədalət Divanı və Birliyin Maliyyə idarəsinə nəzarət edən Ali maliyyə məhkəməsi. Bundan başqa iqtisadi, sosial və regional mənfəət qruplarını təmsil edən müxtəlif məsləhət heyətləri vardır. Birliyin taraz inkişafına yardım edən layihələrin maliyyələşdirilməsini asanlaşdırmaq məqsədilə qurulan bir Avropa İnvestisiya Bankı mövcuddur. Bunlardan başqa Avropa Pul İnstitutu, Mərkəzi Avropa Bankı və təftişetmə qurumu və şikayət qəbul edən Ombudsman mövcuddur.

* Avropa Parlamenti - Üzv dövlətlərin milli parlamentləriylə oxşar haqlara sahib olan Avropa Parlamenti AB xalqlarının demokratik siyasi iradəsini təmsil edir. 1979-cu ildən bu yana vahid dərəcəli ümumi seçimlə 5 illik iş başına gələn Avropa Parlamentinin cavabdehlikləri bunlardır: Komissiya tərəfindən edilən qanun təkliflərini Şuraya da bildirərək (məsləhət üsulu, əməkdaşlıq üsulu, ortaq- qərar üsulu, Parlamentin fikir uyğunluğu) qanuniləşdirir. Bundan başqa hər il Dekabr ayında Avropa Birliyi büdcəsini (1995-ci ildə təxminən 80 milyard ECU) təsdiqləyir.

* Avropa Zirvəsi - Avropa Zirvəsi AB-yə üzv ölkələrin dövlət və hökumət başçılarıyla Avropa Komissiyası Başçısını qurulmuş olduğu 1974-cü ildən bəri ildə ən azı iki dəfə bir araya gətirir.

* Avropa Şurası - Avropa Şurası üzv ölkələrin Xarici İşlər Nazirlərindən ibarət olmaqla birlikdə gündəmdəki mövzuya görə ələ alınacaq mövzularla əlaqəli nazirlər səviyyəsində təmsilçilərdən də təşkil oluna bilər. Cəmi 9 fərqli Şura tərkibi vardır: Ümumi İşlər və Xarici əlaqələr, İqtisadi və Maliyyə İşləri (Ecofin), Ədalət və Daxili işlər, Xidmətə alma, Sosial Siyasət, Sağlamlıq və İstehlakçı Haqları, Rəqabətlilik (Daxili Bazar, Sənaye və Araşdırma), Nəqliyyat, Telekommunikasiya və Enerji, Kənd təsərrüfatı və Balıqçılıq, Təhsil, Gənclər və Mədəniyyət.

* Avropa Komissiyası AB siyasətilərinin planlaşdırıcısı və koordinatorudur. Qanun təklifləri hazırlayır, Parlament və Şuraya təqdim edir.

* Ədalət Divanı və Bidayət Məhkəməsi - Ədalət Divanı 15 hakim və onlara kömək edən doqquz qanun keçikçisindən ibarət olur. Bununla yanaşı 1989-cu ildə 15 hakimdən ibarət olan bir Bidayət Məhkəməsi də qurulmuşdur.

* Ali Maliyyə Məhkəməsi - Mərkəzi Lüksemburqda yerləşən Ali Maliyyə Məhkəməsi 1975-ci ildə qurulmuşdur, Avropa Birliyi büdcəsinin qayda və məqsədlərə görə istifadə edilməsini təmin edir.

* İqtisadi və Sosial Komitə və AKPB məsləhət Komitəsi - İqtisadi və Sosial Komitə fərqli təzyiq qruplarının Avropa Birliyində təmsilinə şərait yaradan məsləhət qurumudur. Komitə Avropa Şurasına, Komissiyaya və Parlamentə məsləhətçilik edir və işləri ilə bu qurumların daha demokratik qurum olmasını təmin edir.

* Bölgələr Komitəsi - Bölgələr Komitəsi Avropa Birliyi anlaşmasıyla qurulmuşdur. Yerli və regional məqamları təmsil edən 317 əsas və 317 ehtiyat üzvü vardır.

* Avropa İnvestisiya Bankı - Avropa Birliyinin maliyyə qurumu olan Avropa İnvestisiya Bankı 1958-ci ildə Roma Anlaşması ilə Birliyin hədəflərini həyata keçirməsinə kömək edərək investisiyanı maliyyələşdirmək məqsədilə qurulmuşdur.

* Avropa Mərkəzi Bankı və Avropa Pul İnstitutu - Avropa Mərkəzi Bankı (ECB) Avropa Pul Birliyinin yaranmasından etibarən 1 Oktyabr 1998-ci ildə fəaliyyətə başlamış, yeni pul vahidi Euro da 1 Yanvar 1999-cu ildə bank işlərində istifadə edilməyə başlamış və 1 Yanvar 2002-ci ildə tədavülə çıxarılmışdır.

* Ombudsman - Ombudsman Avropa Birliyi ölkələrində yaşayan şəxslərin, qurumların və şirkətlərin haqlarını hər hansı bir pis idarəetmə tətbiq olunması qarşısında qorumaqla vəzifələndirilmiş yoxlama qurumu və şikayət müraciəti olunan yer, yəni məqamdır.