Azərbaycan və Monteneqro prezdentlərinin mətbuata bəyanatları

16 Sentyabr 2011 14:42 (UTC+04:00)

Azərbaycan və Monteneqro prezidentləri İlham Əliyev və Filip Vuyanoviç mətbuata bəyanatlarla çıxış ediblər. Dövlət başçısı İ. Əliyev Azərbaycan tərəfinin bu səfərə böyük əhəmiyyət verdiyini deyib. "Münasibətlərimizin tarixində ilk rəsmi səfərdir. Bizim siyasi əlaqələrimiz inkişaf edir. Siyasi sahədə aramızda heç bir problem yoxdur" Prezident bildirib ki, iqtisadi sahədə əlaqələrin möhkəmləndirilməsi də diqqət mərkəzində olmalıdır. İkitərəfli əlaqələrin inkişafı üçün gözəl şəraitin yaradıldığını qeyd edən dövlət başçısı energetika və nəqliyyat sahələrinin əməkdaşlıq üçün maraq doğuran olduğunu vurğulayıb. Prezident İ. Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Monteneqro prezidentinə məlumat verdiyini deyib və ümidvar olduğunu bildirib ki, yaxın gələcəkdə bu məsələ ədalətli həllini tapacaq. Monteneqro prezidenti F. Vuyanoviç isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT və Avropa təşkilatlarının mövqeyini dəstəklədiyini vurğulayıb.

"Azərbaycana bu səfərim əlaqələrimizin yeni mərhələyə daxil olması deməkdir" deyən Monteneqro prezidenti bu münasibətlərin xalqlarımızın mənafeyi naminə inkişaf edəcəyini diqqətə çatdırıb.