İran mətbuatının Azərbaycana qarşı qərəzli təbliğatına nə vaxt son veriləcək?
13 Sentyabr 2011 16:42 (UTC+04:00)
Bir müddət bundan öncə İran Silahlı Qüvvələrinin baş qərargah rəisi, general Həsən Firuzabadinin Azərbaycan xalqını, dövlətini hədələməsi, mübahisəli fikirlər səsləndirməsi İran rəsmiləri tərəfindən boğazdan yuxarı təkzib olundu. Amma İranda hakimiyyətin nəzarətində olan media və digər mətbu orqanlar son günlər yenidən aqressiv şəkildə, heç bir məntiqi və insani normalara sığmayan Firuzabadini müdafiə etməyə, onun təkzib olunan fikirlərini reklam etdirməyə çalışır. Belə ki, apardığımız araşdırmalar nəticəsində, daha bir neçə fakt üzə çıxıb.
Qərəzli və qeyri-obyektiv iddialar
Təbrizdə fəaliyyət göstərən nasrnews.ir saytı yazır ki, "İslam düşmənçiliyi və sionistlərlə əməkdaşlıq Azərbaycan Respublikasının yürütdüyü siyasətin əsas elementinə çevrilib". Həmin yazıda iddia edilir ki, ölkədə hicaba qarşı kampaniya aparılır. Bundan başqa, guya Azərbaycan hökuməti ABŞ İsrail və Rusiya ilə əməkdaşlıq edərək İranı zəiflətmək siyasəti yürüdür. Bir sözlə, Azərbaycan İranı "parçalamağa" hazirlaşmaqda ittiham edilir.
Molla rejimi daxili parçalanmanın qarşısını ala bilmir
Başqa bir İnternet saytı – tabnak.ir isə qatı mühafizəkar qüvvələrin nəzarətindədir. Saytın məqaləsində yazılır ki, Firuzabadinin sözlərindən sonra "Azərbaycanda İran əsilli vətəndaşlara qarşı kampaniyaya başlanıb". Eyni yazıda iddia edilir ki, guya bir müddət əvvəl Azərbaycan hökuməti ABŞ və İsraillə İranda "etnik qarşıdurma yaratmaq" haqqında razılığa gəlib və bu istiqamətdə addımlar atmağa hazırlaşır. Guya Bakı "mərkəzi Təbriz olan həqiqi Azərbaycanda geniş aksiyalar (yürüşlər) hazırlayır. Qarşıya vəzifə qoyulub ki, orada vərəqələr, kitablar yayılsın, oradakı Azərbaycanın tarixi təhrif edilsin, İranın qeyrətli azərbaycanlıları arasında nifaq salınsın". Əlbəttə ki, bütün bunlar heç bir məntiqə sığmayan amillərdir və bu, yalnız daxili parçalanmanın qarşısını ala bilməməkdən irəli gələn məsələdir. İran rejimi bu vasitə ilə öz səhflərini sığortalamağa cəhd göstərir.
"Arran" elə İranın özüdür, Azərbaycan isə məhz Azərbaycandır
Ekspertlərin fikrincə, əslində İranın parçalanması, 30 milyonluq Azərbaycan dövlətinin yaranması bölgədəki siyasi oyunçuların heç birinə əl vermir. Çünki bu regiondakı bütün geosiyasi situasiyasını dəyişərdi. Tabnak.ir öz məqaləsində daha sonra Azərbaycan sözünün yalnız İran Azərbaycanına aid olduğunu, Azərbaycan Respublikasının tarixən Aran və Şirvan adlandığını, həmin ərazilərin də 19-cu əsrdə rus işğalı nəticəsində Gülüstan və Türkmənçay müqavilələri ilə "İrandan qoparıldığını" iddia edir. Sayt bu baxımdan 1918-ci ildə Azərbaycanda qurulan müstəqil respublikanın adının Azərbaycan qoyulması ilə razılaşmır, bunu "saxtakarlıq" adlandırır. Sayt iddia edir ki, guya Azərbaycan indi də İranı "parçalamaq" siyasəti yürüdür. Bütün bunlar əlbəttə ki, bilavasitə ölkəmizdə gedən davamlı inkişafın İran mollaları tərəfindən gözügötürməməzliyidir. Daha dəqiq desək İranın hazırkı rejimi əlində olan bütün imkanlardan istifadə etməklə (əsasən də mətbuatında) heç bir məntiqə sığmayan "siyasətini" ifşa etmiş olur.
P.S. Yaxşı olardı ki, İranın milliyətçi panfarsist rejiminə məxsus mətbuat səhifələri şəhərlərə təyin etdikləri baş mollaların hansı əməllərlə, daha dəqiq desək hansı günah işlərlə məşğul olduqlarından yazsınlar. Məsələn. onların narkobaronluqlarından…