Sən o gözəl qızın canı bir nəzir ver!- ARAŞDIRMA

12 Sentyabr 2011 16:21 (UTC+04:00)
Bu sözləri eşitdikdə söhbətin qaraçılardan gedəcəyini anlamaq çətin deyil. Çoxları onları qəbul etmək istəməsə artıq bu tayfanın nümayəndələrinin həyat tərzinə, adətlərinə alışmışıq. İş o yerə çatıb ki, insanlarda qaraçıların dilənməsi, fala baxması, dil tökməsi yox, adi həyat tərzi keçirməsi təəccüb doğurur. İnsanlar qır-saqqız olub pul istəyən qaraçılara könülü olaraq yardım edir. Onlar isə əllərini əllərinin üstünə qoyub asan qazanc yolu - dilənməklə həyat sürürlər.


Bu peşə qaraçılara ta qədimdən miras qalıb. Qadınların dilənib həyat yoldaşını saxlaması qaraçıların adətdir. Bu tayfanın nümayəndələrini daha yaxından tanımaq məqsədi ilə apardığımız araşdırma zamanı daha bir neçə maraqlı məqamlarla təsadüf etdik. Qaraçı qızları yalnız qaraçı tayfasından olan oğlanlara ərə gedə bilərlər. Qaraçı oğlanları isə çox nadir hallarda başqa millətin nümayəndəsi ilə evlənirlər. Bu hal baş versə, belə nikahlar uğursuz olur. Çünki digər millətdən olan qızlar qaraçıların adət-ənənələrinə riayət etmir, bu isə ailələrin dağılması ilə nəticələnir. Qaraçıların toyunda gəlin ömrünün sonuna kimi ərini dilənib saxlayacağına söz verir. Bu məqsədlə əsasən uşaqlardan istifadə olunur. Ona görə də qaraçı ailələri çoxuşaqlıdır.


Bizim dilənməyə ehtiyacımız yoxdur...


Onlar özləri haqda hər hansı bir məlumat verməyə maraqlı deyillər. Adətən qaraçılardan hər hansı bir məlumat almaq və ya nə isə soruşmaq istəyənlər qaraçıların təpkisi ilə rastlaşırlar. Ancaq paytaxt ərazisində bir qaraçı ailəsi ilə həmsöhbət ola bildik. Maraqlısı odur ki, 5-6 uşaqla Bakıya təşrif buyuran qaraçı ailəsinə başcılıq edən qadın kəsinliklə dilənməyə gəlmədiklərini dedi. Dilənçi qadın ətrafında olan qızları göstərərək Bakıya təzə gəldiklərini və qızlarını paytaxt ərazisində tikintidə işləyən ataları və ərləri ilə görüşməyə gətirdiyini dedi. Söhbət əsnasında öyrəndik ki, 13 yaşlı qaraçı qızı ailəlidir və bir övladı var. 11 yaşlı qız isə nişanlıdır. Qadın 9 yaşlı qızı üçün isə çoxlarının elçi düşdüyünü söylədi: "Qızlarım yaraşıqlıdırlar. Elçiləri çoxdur. Ona görə də 10-11 yaşlarında nişanlayıram".
Qadın yeznələrindən razılığını da dilə gətirdi: "Qoçaq oğlanlardı. Tikintidə işləyib ailələrin dolandırırlar. Biz dilənmirik". Verdiyimiz suallardan qaçan qadın Yevlax rayonunda yaşadıqlarını və kifayət qədər imkanlarının olduqlarını da söylədi: "İki mərtəbəli evimiz eşiyimiz. Bizim dilənməyə ehtiyacımız yoxdur".
Bundan sonra söhbəti davam etdirmək istəməyən qadınlar azyaşlı uşaq və qızları ilə birlikdə bizdən uzaqlaşdılar.
Dərs ili başlayır. \"Bu uşaqlar məktəbə getməyə hazırlaşıblar?\" sualımız cavabsız qaldı. Qaraçı dəstəsi gözdən itənə kimi onları izlədik. "Hüseyn Cavid" parkına çatan az yaşlı qızlar gedib gələnə əl açaraq dil tökməyə başladılar...

Qaraçıların statistikası aparılmır


Tarixən köçəri həyat tərzi sürən qaraçılara dünyanın hər yerində rast gəlmək mümkündür. Daimi vətəni olmayan bu tayfanın nümayəndələri daha çox İspaniyada məskunlaşıblar. Rumıniya da dünyada qaraçıların ən sıx məskunlaşdığı ölkə sayılır. Bu vaxta kimi qaraçıların dünyada vahid adı mövcud deyil. İngilislər və ispanlar onları "misirli", fransızlar bohemli, almanlar zigeuner, italiyalılar zingari, türklər çingənələr, azərbaycanlılar qaraçı adlandırır.


Qaraçılar Azərbaycanın bütün rayonlarına yayılıblar. Onlar Naxçıvanda, Sumqayıt, Bərdə, Göyçay, Ağsu, Ağdaş, Gəncədə, Xaçmazda, Göyçayda, Qaxda, Qubanın Qaraçı kəndində, daha çox isə Ağdaş və Yevlaxda kompakt şəkildə yaşayırlar. Onların ölkədəki sayı ilə bağlı isə dəqiq statistik məlumatlar yoxdur. Qeyri-rəsmi məlumatlara görə, Azərbaycanda 10 mindən artıq qaraçı yaşayır. Azərbaycana qaraçılar ilk dəfə Balakən ərazisinə I Şah Abbasın köçürmə siyasəti dövründə yerli tayfaların qiyamlarının qarşısını almaq məqsədilə köçürülüblər. Bundan sonra ötən əsrin 50 - 60-cı illərdə Qazaxıstandan da Azərbaycana qaraçı axını başlayıb və onlar daha çox Yevlax şəhəri ətrafına yerləşiblər. Sonradan yerli mühitə uyğunlaşaraq digər rayonlara yayılıblar.



Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov deyir ki, qaraçıların özlərinə məxsus elə adət-ənənələri var ki, bunlar heç bir xalqa mənsub deyil: "Qaraçılar ölkə ərazisində daxili miqrant hesab olunurlar. 1991-ci ildən sərhədlər bağlanandan sonra qaraçılar yalnız ölkə daxilində hərəkət edə bilirlər. Ancaq Azərbaycanın ərazisi digər ölkələrə nisbətən daha balaca olduğundan onlar oturaq həyat tərzinə daha çox üstünlük verirlər.
Onlar millət kimi də hələ formalaşmayıblar və onlara əsasən bir kateqoriya, etnos kimi baxırlar. Azərbaycanda qaraçılara münasibət birmənalı deyil. Onların sayı haqqında rəsmi məlumat belə yoxdur. Hətta əhalinin siyahıya alınması zamanı da onların sayı nəzərə alınmır. Onların əksəriyyətinin pasportu, hətta vətəndaşlığı belə yoxdur. Ancaq dünyaca çox məşhur qaraçılar var. Məsələn Türkiyənin bir çox nazir müavinləri, Rumıniyanın baş naziri qaraçı tayfasındandır".

Onu da deyək ki, qaraçılar üçün paytaxt ən gəlirli ərazi hesab olunur. Onlar yollarını ölkənin digər böyük şəhərləri olan Gəncə, Sumqayıtdan da salırlar. Ancaq etiraf edirlər ki, həmin ərazilərdə dilənmək Bakıdakı kimi effekt vermir. Qaraçılar dilənməyə uşaqlarla çıxaraq insanlarda mərhəmət hissi yaratmağa çalışırlar. Dilənmək üçün onlar arasında ən münbit yer dörd yollar, işıqforların yaxınlığı seçilir. Kütləvi şəkildə, xüsusi ilə əlil arabalarında sözügedən ərazilərdə pul yığmaqla məşğul olan qaraçılar sürücülərdən min bir dillə pul almağa çalışırlar.

Bu tayfanın nümayəndələri onlara pul verməkdən imtina edənlərə xəsarət yetirməkdən və ya zərər verməkdən də çəkinmirlər. Məsələn, qaraçılara pul verməyən sürülərin avtomobilinin təkərləri dəfələrlə güclü \"qaraçı təpiyi\"nə və cırılmaya məruz qalıb. Əllərinə düşən \"ov\" dan qır-saqqız kimi yapışıb pul almayana kimi əl çəkməmək qaraçı özəlliklərindən biridir.

Bu tayfanın nümayəndələri heç bir qanunlara tabe olmamaqla da seçilirlər. Onların daha çox məskunlaşdıqları Yevlax rayon təhsil şöbəsinin müdiri Zərifə Məmmədova bildirir ki, hər il dərs ilinin başlanğıcında qaraçı uşaqların siyahısı hazırlanır və onları təhsilə cəlb etmək məqsədilə danışıqlar aparılır: "Ancaq qaraçı uşaqları kəsinliklə tədrisdən yayınırlar. Onların buna valideynləri də təhrik edir. Qaraçılar arasında aparılan maarifləndirmə tədbirlərinə baxmayaraq onları tədrisə cəlb etməyə nail ola bilməmişik".