Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Polşa Respublikasının ölkəmizdəki səfiri Mixal Labenda ilə görüşüb. Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, tanışlıq məqsədi daşıyan görüşdə müvəkkil qonağın təmsil etdiyi səfirliklə insan hüquqları sahəsində qarşılıqlı əlaqələrin davam etdirilməsinin əhəmiyyətini söyləyib və gələcək əməkdaşlığın prioritetləri müəyyənləşdirilib.
Müvəkkil Polşanın ölkəmizdəki səfirinin diplomatik missiyasının həm də hər iki ölkənin ombudsmanlarının insan hüquqları sahəsində əməkdaşlığının qurulmasında yardımçı olacağını diqqətə çatdırıb. E.Süleymanova Polşanın Ombudsmanı ilə insan hüquqları sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulduğunu, insan hüquqlarının müdafiəsi üzrə ikitərəfli müqavilənin imzalandığını bildirib. Müvəkkil Avropa Birliyinin həyata keçirdiyi layihələrdə, o cümlədən Tvinninq və Şərq tərəfdaşlığı layihələrində Ombudsman təsisatının fəal iştirak etdiyini söyləyib. Qeyd olunub ki, 2009-2013-cü illər üzrə Şərq Tərəfdaşlığı ölkələrinin ombudsmanları arasında Əməkdaşlıq Proqramı çərçivəsində Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin təsisatı ilə Polşa İnsan Hüquqları İnstitutu arasında əməkdaşlıq layihəsi həyata keçirilir. Aparatın beş əməkdaşı təcrübə mübadiləsi məqsədilə bu ilin may ayında Polşaya səfər edib, həmin ölkənin İnsan Hüquqları Müdafiəçisinin ofisində və digər aidiyyəti qurumlarda fikir və təcrübə mübadiləsi aparıblar.
M.Labenda Polşa Ombudsmanı xanım İrena Lipoviçin salamlarını və onunla görüşmək istəyini E.Süleymanovaya çatdırıb. Səfir Azərbaycan Ombudsmanı ilə qarşılıqlı fikir və məlumat mübadiləsi aparmağın mühüm əhəmiyyət kəsb etdiyini, müvəkkilin insan hüquqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyət göstərdiyini vurğulayıb. E.Süleymanova yaxın günlərdə Belçikanın paytaxtı Brüsseldə keçiriləcək beynəlxalq toplantıda Şərq Tərəfdaşlığının yeni perspektivlərinin müzakirə olunacağını və bu tədbirə qatılacağının nəzərdə tutulduğunu bildirilib.
Müvəkkil yaxın vaxtlarda Polşa Ombudsman təsisatının ekspertlərinin Azərbaycana səfər edəcəyini, maarifləndirici treninq-seminarlar keçiriləcəyini, həmin tədbirlərin hər iki institut arasında səmərəli təcrübə mübadiləsi üçün imkanlar yaradacağını və qarşılıqlı əməkdaşlığın daha da inkişafına təkan verəcəyini diqqətə çatdırıb. Səfir səmimi qəbul və fikir mübadiləsi üçün təşəkkür edib, Azərbaycan Ombudsmanının insan hüquqları sahəsində çoxşaxəli fəaliyyətini yüksək dəyərləndirmiş, gələcək əməkdaşlıqda maraqlı olduğunu bildirib.