Yay endirimi adı altında şıdırğı alver - ARAŞDIRMA

3 Sentyabr 2011 13:01 (UTC+04:00)
Yay mövsümü sona çatmaq üzrədir. Paytaxt ərazisində fəaliyyət göstərən mağazaların demək olar ki, hamısı mövsümün başa çatması ilə əlaqədar endirim kampaniyası elan edib. Bəzi mağazalar 30, bəziləri 50, bəziləri isə malların 70 faiz endirimlə satılması ilə bağlı elan veriblər. Hətta elə geyim mağazaları var ki, üzərində "rasprodaja" sözləri yazılaraq mallarını 5-10 manata satır.

Gözəl geyim bütün qadınların arzusudur. Mövsüm dövründə qiymətlər baha olduğundan çoxları nəinki alış-veriş etmək, heç geyimlərin qiymətini də soruşmağa ürək etmədiyi üçün alış-verişə indi başlayıblar. Apardığımız monitorinq zamanı dünyanın əksər tanınmış brendlərinin geyimlərini təqdim edən kifayət qədər mağazalara rast gəldik. Endirim elan olunan mağazalarda insan əlindən tərpənmək olmur.
Bəs görəsən endirimli qiymətlərin nə dərəcədə realdır?


Endirim keyfiyyətcə aşağı, kiçik ölçülü mallara şamil olunur


"Sahil" metrostansiyasının çıxışındakı "Sahil" ticarət mərkəzi həmişə olduğu kimi yenə də endirim etməyə həvəssiz görünür. Həmişə olduğu kimi, yenə də qiymətlərə paytaxtın digər ticarət məkanları ilə müqayisədə bahadır. Bəzi mağazalar endirim elan etsələr də 50-100 manatdan aşağı qiymətə yaxşı mal tapmaq "Sahil"də müşkül məsələdir.

"Manqo" nun "Torqovu" dakı mağazası təmirə dayansa da, digər mağazalarında 70 faiz endirim var. Ancaq endirim burada da keyfiyyətcə aşağı, kiçik ölçülü və alıcıların diqqətindən kənar mallara şamil olunur. Satıcılar isə hər mövsümün başlanğıcında dükanda böyük endirimlərin olduğunu söylədilər. Endirimli malların yüksək keyfiyyətindən də danışan satıcılar bir necə ay öncə həmin məhsulların qiymətinin bir necə dəfə baha olduğunu dedilər. Öyrəndik ki, endirimli mallar 15 manatdan başlayaraq bahalaşır. Ancaq nisbətən keyfiyyətli köynəklərin qiyməti 50 manatdan, şalvarlar 30-60 manatdan, yay üçün nazik üst paltarları 35-50 manatdan başlayaraq bahalaşır.

\"Romantik\" mağazalar şəbəkəsinə aid mağazaların üzərində isə "10 faiz endirim"in üzərindən qara xətt çəkilərək \"50 faiz endirim" yazıları müştərilərə gəl-gəl deyir. Bu mağazalarda da keyfiyyətli maldan söhbət gedə bilməz. Bir-birini təkrarlayan eyni çeşidli yay koftaları 12-15 manata, şalvarlar 18-20 manata, yubkalar isə 20-25 manatadır. Ancaq alıcıların əksəriyyəti bu malları baxıb keçməklə kifayətlənir. Çünki burada nəinki endirimli, heç baha qiymətə də keyfiyyətli mal almaq mümkün deyil.

Bəzi mağazaların üzərində isə bütün mallar 10 manata yazılı lövhələr asılıb. Ancaq həmin dükanlarda demək olar ki, 10 manata mal yoxdur. Olanlar isə mağazalarda uzun illərdən yığılan köhnə dəbli və keyfiyyətsiz mallardır.

Nizami küçəsində yerləşən "Promod" mağazası isə oradan mal alan hər bir müştərinin telefon nömrəsini alır ki, sonradan endirim haqda məlumat verə bilsin. Ancaq bu mağazaların müştərilərinin də endirimlə mal almaq istəyi ürəyində qalıb. Hazırda mövsümün sona çatması ilə bağlı endirim elan edən mağazada 40-50 manatdan aşağı qiymətə mal tapmaq müşkül məsələdir.


Qadın ayaqqabıları saxtalaşdırmayan yeganə məhsuldur


Mağazalarda diqqət çəkən məqamlardan biri də məşhur brendlərin adı altında satışa çıxarılan geyimlərin keyfiyyətinin həmin brendlərə uyğun gəlməməsidir. Bəzi mağazalarda isə \"Binə\" və \"Sədərək\" ticarət mərkəzlərində satılan eyni mallar məşhur brendlər adı altında təqdim olunur. Onları bir-birindən ayıran yeganə xüsusiyyət isə qiymət fərqidir. Məsələn, \"yarmarka\"da eyni bir gödəkcə 50-60 manata satıldığı halda, mağazalarda qiymət birə-beş artırılır. Əldə etdiyimiz məlumata görə, bu geyimlərin əksəriyyəti yerli sexlərdə tikilir. Sonradan onların üzərinə məşhur firmaların etiketləri yarışdırılaraq baha qiymətə satışa çıxarılır. Bu sexlər artıq o qədər təkmilləşib ki, geyim nümunələri orijinala ustalıqla uyğunlaşdırılır və alıcı ilk baxışdan onları bir-birindən ayıra bilmir. Hazırda dəri geyim bazarında da oxşar üsuldan geniş istifadə olunur. Sexlərdə tikilmiş dəri gödəkcələr Türkiyə istehsalı adı altında baha qiymətə istehlak olunur. Eyni üsul kişi ayaqqabılarına da şamil olunur. Yerli sexlərin hələlik müdaxilə edə bilmədiyi isə qadın ayaqqabılarıdır. Bu ayaqqabıların qəlibləri sexlərə ayaq aça bilmədiyi üçün yerli bazardakı qadın ayaqqabılarının böyük əksəriyyəti Cin istehsalı olanlardır. Hazırda ayaqqabı bazarında da endirim elan edilib. Ancaq mövsümün bitməsinə və endirim elan olunmasına baxmayaraq yaxşı keyfiyyətli məhsulu 50-60 manatdan aşağı qiymətə almaq mümkün deyil.


Saxtakarlar cəzalandırıla bilər


Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov endirim kampaniyalarının istehlakçıların hüquqlarının pozulması hesabına həyata keçirildiyini deyir: "Yalançı endirim kampaniyalarının dünyanın ən inkişaf etmiş ölkələrində belə həyata keçirilir. Ancaq digər ölkələrlə müqayisədə bizdə bu üsuldan daha geniş istifadə olunur.
Qeyd edim ki, Cinayət Məcəlləsinin müvafiq bəndinə əsasən, həmin şəxslər şərti maliyyə vahidinin 100-300 misli arasında cərimə və ya 80 saata qədər ictimai işlərlə cəzalandırıla bilərlər. Alıcılar diqqətli olmalı, malın ilk və sonrakı qiymətlərə diqqət yetirməlidirlər. Hüquqları pozulduqda bizə və digər qurumlara müraciət edə bilərlər".

İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti Departamenti isə bu kimi hallara qarşı monitorinqlər həyata keçirdiyini bildirir: "Monitorinqlər zamanı malların endirimdən əvvəlki qiymətləri ilə endirimdən sonrakı qiymətləri arasında müqayisə aparılır. Fərqlərin olmaması və yaxud da yararsız malların satılması hallarına qarşı tədbir görülür.