\"Qaranlıqlar çiçəyi\"

3 Sentyabr 2011 12:57 (UTC+04:00)

İctmai Televiziya və Türkiyə kinematoqrafçıları yeni serialın çəkilişlərinə başlayıb. SİA-nın itv.az saytına istinadən verdiyi məlumata görə, Azərbaycan və Türkiyədən olan aktyorların rol aldığı serial "Qaranlıqlar çiçəyi" adlanır. İctimai Televiziyada yayımlanacaq teleserialın əsas mövzusu eşq və intiqamdır.


Uşaqkən atasının xaincəsinə öldürülməsinə şahid olan Lalə adlı qızcığaz hüquqşunas olub intiqam almaq fikrinə düşür. Lalə atasının qatili sandığı adama aşiq olur. Daha sonra qatilin həmin adam olmadığı üzə çıxır. Həm Lalə, həm də qatil hesab edilən Samir böyük bir oyunun içində olduqlarını anlamırlar.


Filmin rejissoru "Kanal D" də yayımlanan "Aşk Yakar" serialının rejissoru Mehmet Ulukan, operatoru "Kurtlar Vadisi"nin operatoru Bülent Özerdir.


Filmdə Azərbaycan tərəfdən Rasim Balayev, Safura Əlizadə, Günəş Mehdi, Nəsimi Mirzə, Abbas Qəhrəman, Zaur Şəfi, Arifə İslam və Vüqar Əli rol alıb. Türkiyə tərəfdən isə "Kurtlar Vadisi Pusu"nun məşhur "Büyük İskəndər" rolunun ifaçısı Musa Uzunlarla birlikdə Osman Albayrak, Mustafa Üstündağ, Bülent Şakrak, Begüm Kütük, Hüseyin Avni Danyal, Ebru Özkan, Güler Ökten kimi tanınmış serial qəhrəmanları iştirak edir.


Filmin daha bir aktyoru işinə böyük həvəslə yanaşan balaca Çingizdir. Bu rolu elə balaca Çingiz Aslan ifa edəcək.