Mənzil və avtotəmir sexini qarət edən şəxslər həbs olunub

3 Sentyabr 2011 11:08 (UTC+04:00)

İyulun 30-dan avqustun 9-dək olan müddətdə M.Nağıyev küçəsində yaşayan Elçin Məlikovun evindən pəncərədən keçmə yolu ilə 6000 manat və 4 ədəd mobil telefon oğurlanıb. Bakı şəhər Baş Polis İdarəsinin CAİ, Nərimanov Rayon Polis İdarəsinin CAŞ və 18-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rafiq Əmirov sentyabrın 2-də yaxalanıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, avqustun 19-na keçən gecə Sahil qəsəbəsində yerləşən Qazax rayon sakini İsmi Şahvələdova məxsus avtotəmir sexindən qapını sındırma yolu ilə 150 manat oğurlanıb. Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Ümid qəsəbə sakini, əvvəllər məhkum olunmuş Nazim Abdulxalıqov, Sahil qəsəbə sakinləri Pünhan Vəliyev və qardaşı Niyazi sentyabrın 2-də yaxalanıb.