Mərkəzi Bank məqalə müsabiqəsi elan edir

2 Sentyabr 2011 16:24 (UTC+04:00)
Mərkəzi Bank fəaliyyətinin 20 illiyi münasibəti ilə "Azərbaycan Mərkəzi Bankının ölkə iqtisadiyyatında rolu" mövzusunda məqalə müsabiqəsi elan edir.

Mərkəzi Bankın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, müsabiqənin keçirilməsində məqsəd Azərbaycanın iqtisadi inkişafında Mərkəzi Bankın fəaliyyətinin KİV-lərdə işıqlandırılması, KİV-lər vasitəsilə bank sektorunda həyata keçirilən tədbirlər barədə ictimaiyyətin geniş məlumatlandırılmasıdır.

Müsabiqəyə 05 sentyabr - 30 dekabr 2011-ci il tarixləri ərzində mərkəzi və regional elektron və çap KİV-lərdə müsabiqənin mövzusuna uyğun çap olunacaq məqalələr qəbul olunur. Müsabiqə üçün təqdim olunacaq məqalələr ölkənin iqtisadi inkişafında Mərkəzi Bankın rolu və onun fəaliyyət istiqamətlərini əhatə etməlidir.

Müsabiqəyə təqdim olunacaq bütün məqalələr Mərkəzi Bankın 20 illik yubileyi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsi tərəfindən qiymətləndiriləcək, qaliblərə xüsusi sertifakatlar və pul mükafatları (1-ci yer 2000 AZN, 2-ci yer 1500 AZN, 3-cü yer 1000 AZN) veriləcək.

Müsabiqənin elanı haqqında ətraflı məlumat və qaydalar Mərkəzi Bankın internet səhifəsində (www.cbar.az) yerləşdirilib.