Bakı 2020-ci il Yay Olimpiya Oyunlarına namizəd şəhərlərin siyahısına rəsmən qeydə alınıb

2 Sentyabr 2011 15:23 (UTC+04:00)

Beynəlxlaq Olimpiya Komitəsi 2020-ci il Yay Olimpiya Oyunlarına namizəd şəhərlərin siyahısına Azərbaycanın paytaxtı Bakının adını rəsmən daxil edib. SİA-nın xəbərinə görə, bu barədə məlumat Beynəlxalq Olimpiya Komitəsinin rəsmi saytında yerləşdirib.

Rəsmi saytda yerləşdirilən xəbərə əsasən 2020-ci il Yay Olimpiya Oyunlarının keçirilməsi üçün namizəd şəhərlər üçün Bakı, Madrid, Roma, Tokio, İstanbul və Qətərin paytaxtı Doha şəhərinin adları göstərilib.

Yekun qərar isə 7 sentyabr 2013-cü ildə Argentinanın Buenos-Ayres şəhərində açıqlanacaq.

Qeyd edək ki, Azərbaycanın Milli Olimpiya Komitəsi Bakının namizədliyini 2016-cı il Yay Olimpiya Oyunları üçün də irəli sürmüşdü. Lakin BOK 2016-cı ildə Olimpiadanın Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilməsini qərara alıb.