2011–2012–ci tədris ilində paytaxt məktəblərində nə kimi yeniliklər olacaq?

2 Sentyabr 2011 13:54 (UTC+04:00)

Yeni dərs ilinin başlanmasına artıq sayılı günlər qalıb. Bu ərəfədə respublikanın bütün regionlarında olduğu kimi, Bakının bütün təhsil müəssisələrində cari tədris ilinə ciddi hazırlıq işləri görülməkdədir. 2011-2012-ci tədris ili də ölkəmizin təhsil tarixinə bir sıra yeniliklərlə daxil olacaq.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat katibi Zəminə Əliqızının SİA-ya verdiyi xəbərə görə, 2007-ci ildən etibarən idarənin təşəbbüsü ilə vahid məktəbli geyimilə bağlı məsələ gündəmə gətirilib və həmin ildən etibarən bu proses uğurla tətbiq olunmaqdadır. O bildirib ki, ilk olaraq ibtidai siniflərin keçdiyi vahid məktəbli forması bu ildən Bakının bütün siniflərində tətbiq olunacaq. Bakı şagirdləri üçün 2 növ forma müəyyənləşdirilib: I-VI siniflər üçün bir geyim forması, VII-XI siniflər üçün bir başqa.

Təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də ciddi işlər görülməkdədir. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən, 2011-ci ildə paytaxtda 4 yeni məktəb binasının, 2 məktəbə əlavə korpusun, 20 məktəb üçün əlavə sinif otaqlarının tikintisinin, 44 məktəb və 51 uşaq bağçasının əsaslı təmirinin, 6 məktəbdə bərpa işlərinin başa çatdırılması nəzərdə tutulub.