Qadın boksçularımız Nikolayev turnirində mübarizə aparacaqlar

2 Sentyabr 2011 13:20 (UTC+04:00)

Sentyabrın 6-da Ukraynanın Nikolayev şəhərində boks üzrə qadınlar arasında beynəlxalq turnir start götürəcək. Siasport.az saytı xəbər verir ki, yarışda 22 ölkənin nümayəndələri mübarizə aparacaq. Nikolaev City Cup 2011 turnirinə qadın boksunda ciddi uğurları olan – Rusiya, İsveç, Çin, Kanada, Fransa, Bolqarıstan və s. ölkələrin təmsilçiləri gələcək. Azərbaycan milli komandası baş məşqçi Aleksandr Denisovun rəhbərliyi altında turnirdə 4 boksçu ilə təmsil olunacaq. Bunlar Patimat Urusova (51 kq), Əzizə Abbasova (54 kq), Ayzanat Hacıyeva (61 kq) və Yelena Vıstropovadır (69 kq). Bundan öncəki yarışlarda 75 kq çəki dərəcəsində çıxış etmiş Vıstropova bu dəfə fərqli çəkidə yarışacaq. Ancaq onun qarşıdakı yarışlarda yenidən 75 kq çəki dərəcəsində çıxış etməsi gözlənilir. "Nadejda" İdman-Kompleksində keçiriləcək yarışı kiçik dünya çempionatı da adlandırırlar. Sentyabrın 6 və 7-də ilkin mərhələnin döyüşləri, sentyabrın 8-də yarımfinal, 10-da isə final döyüşləri təşkil olunacaq.

Qeyd edək ki, 2012-ci il London Olimpiadasının proqramına ilk dəfə olaraq qadın boksu da daxil edilib. Qadın boksu yarışları Olimpiya oyunlarında 3 çəki dərəcəsində - 51, 60 və 75 kq-da keçiriləcək.