\"Xalq Bank\"ın \"Xalq Əmanəti\" layihəsi çərçivəsində növbəti nəşri

2 Sentyabr 2011 12:30 (UTC+04:00)

\"Xalq Bank\" ASC-nin təşəbbüsü və maliyyə dəstəyi ilə həyata keçirilən \"Xalq Əmanəti\" layihəsi Azərbaycan sənətsevərlərini sevindirməkdə davam edir. SİA-nın xəbərinə görə, bu gün \"Xalq Əmanəti\" seriyasının dördüncü buraxılışı təqdim ediləcək. Növbəti nəşr Azərbaycanın xalq şairi Hüseyn Arifin (1924-1992) yaradıcılığına həsr olunub.

Xalq Bank 2010-cu ildən başlayaraq \"Xalq Əmanəti\" mədəniyyət layihəsini həyata keçirir. Bu layihə çərçivəsində Azərbaycanın görkəmli ədəbiyyat, incəsənət və elm xadimlərinin əsərləri, eləcə də folklor nümunələri nəfis tərtibatda nəşr olunub sənətsevərlərin ixtiyarına verilir. Layihə çərçivəsində Azərbaycanın xalq rəssamı Böyükağa Mirzəzadə, xalq şairi Məmməd Araz və Azərbaycanın ilk peşəkar qadın rəssamı Maral Rəhmanzadənin həyat və yaradıcılığına həsr olunan nəşrlər öz yüksək bədii dəyəri və nəfis poliqrafik tərtibatı ilə geniş oxucu auditoriyası tərəfindən rəğbətlə qarşılanıb. \"Xalq Əmanəti\" seriyasından olan kitablar hədiyyəlikdir, bu nəşrlər ölkənin ali və orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycandakı və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, eləcə də sənətsevərlərə hədiyyə olunur. \"Xalq Əmanəti\" layihəsi xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi işinə \"Xalq Bank\"ın kiçik bir töhfəsidir.

Təqdimat mərasimi Xalq Bankın baş ofisində keçirilib.