Eden Hazard yığmamızla oyunu boykot edə bilər

2 Sentyabr 2011 12:09 (UTC+04:00)
Futbol üzrə Belçika yığmasının hücumçusu Eden Hazard AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində bu gün keçiriləcək Azərbaycanla oyunda iştirak etməyə bilər. Siasport.az saytı azerisport.az-a istinadən xəbər verir ki, o, heç də isti münasibətlərə malik olmadığı baş məşqçi Jorj Leekensə etiraz əlaməti olaraq Bakıda keçiriləcək görüşü boykot etmək istəyir.

Amma komandanın digər üzvü – Vensan Kompani baş məşqçi ilə hücumçu arasındakı münasibətləri qaydasına salmaq üçün əlindən gələni edir. Belçika mətbuatının iddiasına görə, Hazardın bağışlanmasını Leekensdən məhz o, xahiş edib. Bu üzdən baş məşqçi hücumçunu əff edib, ona qarşı sanksiyanı aradan qaldırıb və Bakıya gətirdiyi heyətə salıb.

Qeyd edək ki, Fransanın "Lille" klubunun şərəfini qoruyan Hazard Türkiyə ilə oyunda meydandan çıxarılmasına etiraz əlaməti olaraq baş məşqçiyə qarşı bir sıra xoşagəlməz addımlar atmışdı.