Kulevi Terminalının estakadasında modifikasiya işləri aparılır

2 Sentyabr 2011 11:01 (UTC+04:00)
ARDNŞ-nin Gürcüstandakı mühüm aktivlərindən olan Kulevi Qara Dəniz Terminalında mütəmadi olaraq səmərələşdirici tədbirlər görülür, istehsalat prosesləri durmadan təkmilləşdirilir. SİA-nın məlumatına görə, bu yaxınlarda mühəndislik bölməsində Terminalın estakadasında dəmiryol vaqon-sisternlərindən mazutun boşaldılmasının sürətləndirilməsi məqsədi ilə alt-boşaltma qurğularının modifikasiyası üzrə layihə hazırlanıb. Layihənin razılaşdırılması, materialların dəqiq seçilməsi, riskin qiymətləndirilməsi və digər vacib amillər də daxil olmaqla, bütün ilkin tədbirlər beynəlxalq standartlara və qüvvədə olan qanunvericilik tələblərinə əsasən təşkil edilmişdir. Hazırda bu istiqamətdə işlər uğurla davam etdirilir. Bu əhəmiyyətli dəyişiklik, xüsusilə dövri isitmə prosesinə daha çox vaxt tələb olunduğu qış mövsümü zamanı mazutun boşaldılması sürətini əhəmiyyətli dərəcədə artırmağa imkan verəcəkdir. Layihə başa çatdıqdan sonra, Kulevi Neft Terminalı sutkada təxminən 162 mazut vaqon-sisterni qəbul edə və boşalda biləcək.