Gəncə şəhər Baş Polis İdarəsi "Xaş-Xaş 2012" tədbirlər planı çərçivəsində daha 3 tondan artıq çətənə kollarını yandıraraq məhv edib. SİA-nın bölgə müxbiri xəbər verir ki, hüquq-mühafizə orqanı əməkdaşlarına daxil olan əməliyyat məlumatı əsasında sözügedən narkotik xassəli bitkilər şəhərin Vəli Xuluflu küçəsi "Xaraba yeri" adlanan ərazinin 7 ha boş sahəsindən tapılıb. Hazırda faktla bağlı araşdırma aparılır. Polis narkotik vasitələrin yabanı halda bitdiyini və ya kimlərsə tərəfindən əkildiyi versiyasını araşdırır.
Yuxarıda qeyd olunan tədbirlər planına uyğun olaraq artıq 6 belə fakt aşkar edilib. Ümumilikdə isə 10 tondan çox narkotik xassəli bitkilər aşkar edilərək yandırılma üsulu ilə sıradan çıxarılıb.
İlham Məmmədov