Radikal müxalifət və sosial şəbəkə oyunbazları - ARAŞDIRMA

27 Avqust 2011 15:29 (UTC+04:00)
2011-ci ildə dünyada baş verən bir çox olaylar yaşanan proseslərin əsil üzünü sərgiləməkdədir. Zaman-zaman dünyaya demokratiya "ixrac edən" qoca Qərb öz müstəvisində artıq buna dözümsüzlük göstərir. Yəni hazırda Qərbin özündə elə hadisələr baş qaldırır ki, bunu qarşısı zor gücünə alınır. Buna misal kimi, Böyük Britaniyada baş verən son hadisələri göstərmək mümkündür.

Maraqlısı isə odur ki, "demokratiyanın beşiyi" hesab edilən və sosial şəbəkələrin dəstəkçisi olan Böyük Britaniya bu dəfə məhz bu şəbəkələrin hədəfinə çevrilərək onun "xeyrini" gördü. Lakin dünyanın müxtəlif ölkələrində, xüsusilə ərəb dünyasında iğtişaşlara, inqilab və çevrilişlərə səbəb olan sosial şəbəkələr Qərb dövlətləri tərəfindən dəstəklənirdisə, İngiltərədə yaşanan olaylar zamanı nədənsə mənfi tərzdə qarşılaşdı. Belə ki, hələ avqust ayının əvvəlində Mark Duqqan adlı qaradərili ingilis gəncinin Tottenhem şəhərində polis tərəfindən öldürülməsinə kütləvi etirazla başlayan nümayişlər birdəfəlik olaraq, idarədən çıxdı, necə ki, belə nümayişlər 2003-cü ilin 15-16 oktyabrında Bakıda nəzarətdən çıxmaq üzrəydi və necə ki, belə nümayişçlər Tunis, Bəhreyn, Misir, Liviya, Suriya və Yəməndə nəzarətdən çıxıb. Xatırlatmaq mümkündür ki, qısa zaman içində Tottenhemdən qığılcım götürərək Londona qədər sürətlə yayılan iğtişaşlarda minlərlə mağaza soyuldu, minlərlə insan ciddi xəsarət aldı. Qərb mətbuatının yaydığı məlumatlara görə, hadisələr zamanı 5 adam ölüb, 3 mindən çox adam həbs olunub. Həbs edilənlərdən 1000 nəfəri cəza alıb, bir o qədəri də hələ də axtarışdadır. Maddi zərərin 200 milyon dolları keçdiyi bildirilir. Eyni zamanda 200-ə yaxın polis məmuru yaralanıb.
Hadisələrin bu qədər sürətlə yayılmasına, vəziyyətin bu qədər acınacaqlı həddə çatmasına isə, təbii ki, ərəb ölkələrində inqilablar, iğtişaşlar "törədən" "Facebook" ,"Twitter" və bu kimi digər sosial şəbəkələri səbəb olub. Belə ki, avqustun 14-də öldürülən qaradərili Mark Duqqan üçün "R. I. P. Mark Duggan" adı ilə "Facebook" səhifəsi açıldı və səhifənin qısa müddətdə minlərlə dəstəkçisi oldu. Nəticədə isə bu səhifədə paylaşılan mesajlar ingilis polisinə qarşı "qisas" adı altında yayımlandı. Sonra isə "qisasın" yerini küçə nümayişləri, onun ardınca isə, talan və qarətlər, lap sonda isə anarxiyaçılıq əvəz etdi.
Daha sonra bu istiqamətdə müəyyən qədər irəliyə gedərək, iğtişaşçıların koordinasiya rolunu oynayan sosial şəbəkələri ölkə ərazisində bağlamaq barədə müzakirələr aparıldı və 4 gün sosial şəbəkələrinin fəaliyyəti tamamilə dayandı. Özü də ingilis hökuməti bunu sosial şəbəkələrin rəhbərlərinə müraciət edərək həyata keçirtdilər. Şəbəkə rəhbərləri isə hökumətin bu çağırışını məmnunluqla qəbul etdilər.
Bu gün demokratiyanın sual altına düşdüyü Qərbin özündən hətta internet missionerləri Ərəbistana gedərək, insanlara "Facebook" və "Twitter"in istifadəsi mövzusunda təlimlər keçirdilər. Bu təlimlərin təsiri isə özünü çox gözlətmədi. Ərəb ölkələrindən başlayan şəbəkə inqilabları, daha sonra digərlərinə - Liviya, Suriya keçdi. Bütün bunları dəstəkləyərək ərəb diktatorlarını tənqid edən ilk ölkələrdən biri də elə İngiltərə idi. Həmin dəstək və tənqid hazırda bu gün də davam edir. Lakin İngiltərədə qadağan edilməsi, bununla yanaşı demokratiyanın mühafizəçisi hesab edilən dövlətlərin və beynəlxalq təşkilatların bunu susqunluqla qarşılaması məsələyə ikili standartlardan yanaşıldığını bir daha göstərir.
Bu cür hadisələr Azərbaycanda da göstərilməyə cəhd edildikdə istər radikal ölkə müxalifəti, istərsə də bir sıra Qərb dairələri tamamilə fərqli münasibət göstərirlər, demokratiyanın, insan hüquqlarının pozulması kimi qiymətləndirirlər. Onu da vurğulayaq ki, Qərb siyasətinin ikili standartları dəfələrlə Azərbaycana da tətbiq edilib. Belə ki, müxalifətin radikal qanadının icazəsiz aksiyaları zamanı, insanların asayişinin, rahatlığının, istirahətinin pozulduğu üçün dövlət tərəfindən qanunsuz hərəkətlərin alınmasını "anti-demokratik" addım kimi qimyətləndirirlər. Halbuki bu aksiyalar zamanı onlarla avtomobilə, mağazaya, iaşə obyektlərinə, ofislərə külli miqdarda maddi ziyan dəyib. Həmçinin, bir az da irəli gedərək, özündən razı bəzi Qərb dairələri sosial şəbəkələrdə dövlət çevrilişinə və ölkədəki sabitliyi pozmağa təhrik edən çağırışlara qarşı Azərbaycan hökumətinin. Dövlətinin gördüyü müvafiq qanunauyğun tədbirləri də qınayırlar. Bəs, görəsən Qərb İngiltərədə olanları görmürmü? Təbii ki, ikili standartların olduğu yerdə bu sualın verilməsi heç də düzgün sayılmaz. Belə ki, artıq hər kəsə məlumdur ki, Azərbaycan kimi regionda lider olan dövlətin ölkənin asayişini qorumaq məqsədilə atdığı qanunamüvafiq addımları bilərəkdən səhv qarşılanır. Ancaq hər halda, Azərbaycan ərəb ölkələri deyil. İstər demokratiya cəhətdən, istərsə insan hüquqlarının qorunması baxımından inqilab dalğasının bürüdüyü bu ölkələrdən bütün parametlərdə fərqlənir. Azərbaycan bugünkü İngiltərə də deyil. Ən azından bu ölkədə nə jurnalistlər tutulur, nə də internetə qadağalar qoyulur. Bu mənada Azərbaycanda ictimai asayişin, sabitliyin pozulması ilə müşahidə olunan hadisələr baş verdikdə buna qarşı dövlətin müvafiq tədbirlərini normal qiymətləndirmək lazımdır. Azərbaycanda bəzi siyasi spekulyant "hüquq müdafiəçiləri" belə məsələlərdə dövlət maraqları ilə "maklerlik" edirlər. Bu bütün mənalarda, xalqa, dövlətçiliyə yönəlmiş xəyanətdir. Ona görə də bütün hallarda normal cəmiyyətlərdə, necə ki, Azərbaycanda normal cəmiyyət bərqərar olub, baş verən hadisələrə eyni kriteyalar tətbiq edilməlidir. Şərqdə də, Qərbdə də hadisələr eyni dərəcədə qiymətləndirilməlidir.