Telefon oğruları fəallaşıb

27 Avqust 2011 12:27 (UTC+04:00)
Yay aylarında insanların nazik geyinmələri telefon oğurluğu ilə məşğul olanların əməlli-başlı əl-qolunu açmasına səbəb olub. İsti geyimlərin altında "gizlənən" mobil telefonlar indi daha üzdə olduğundan qarət üçün əlverişli şərait yaranıb.

Avtobuslar, metro və insanların çox olduğu digər yerlər indi bu işlə məşğul olanların oylağına çevrilib. Son vaxtlar paytaxt küçələrində daha çox görünən qaraçı tayfasının nümayəndələrinin də bu işdə rolunun böyük olduğu deyilir. SİA-ya daxil olan məlumata görə, qaraçılar məqam düşən kimi telefonu götürüb aradan çıxırlar. Oğurluq halları insanların daha sıx olduğu yerlərdə həyata keçirildiyi üçün zərərçəkənlər bundan çox sonra xəbər tuturlar. Hazırda insanların ən çox təcavüzə məruz qaldıqları ərazilər isə metronun "Əzizbəyov" stansiyası, onun ətrafı, şəhərdaxili marşrutlar və "Binə" ticarət mərkəzindir. Oğurluğa məruz qalanlar müqavimət göstərdikdə isə soyuq silahla hədələndikləri deyilir.

Problem isə ondadır ki, bu hadisələrin 90 faizinin üstü açılmır.

Yerıgəlmişkən deyək ki, oğurluğun bu növü ilə məşğul olanlar əldən çox iti, həm də insan psixologiyasına yaxşı bələd olanlardır. Oğurluq telefonların dərhal nömrəsi çıxarılır, və telefon alverçiləri vasitəsi ilə ucuz qiymətə satılır. Onu da deyək ki, oğurluq telefonların izini itirmək üçün "Bakcell" nömrələrindən istifadə olunur. Səbəb bu operatorun axtarış sisteminin olmamasıdır.
"Bakcell"in əməkdaşı məsələyə münasibətdə bildirdi ki, şirkətdə axtarış xidməti mövcud deyil: "Bizdə belə xidmət olmadığı üçün telefon axtarışı ilə məşğul olmuruq".
"Azercell" şirkətindən verilən məlumata görə isə, oğurlanmış telefonlarla bağlı polis idarəsindən məlumat daxil olarkən şirkətin axtarış şöbəsi bu işdə yardımçı olur: "Polis İdarəsi tərəfindən qarət olunmuş telefonun koordinatları təqdim olunur və xüsusi axtarış sistemi vasitəsi ilə telefonların 80-90 faizinin tapılaraq sahiblərinə qaytarılır".

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov isə bildirdi ki, əhali ayıq-sayıq olmalıdır və şəxsi əmlakını qorumalıdır: \"Əgər oğurluq hadisəsi baş verərsə, vətəndaşlar dərhal ərazinin polis idarəsinə müraciət etməlidirlər\".