Şəmkir SES 97,1 milyon kilovatsaat elektrik enerjisi istehsal edib

23 Avqust 2011 13:12 (UTC+04:00)

Şəmkir Su Elektrik Stansiyaları (SES) cari ilin iyul ayında 97,1 milyon kilovatsaat elektrik enerjisi istehsal edilmişdir ki, bu da proqnozlaşdırıldığından 600 min kilovatsaat çoxdur. "Azərenerji ASC-nin mətbuat xidmətindən SİA-ya daxil olan məlumata görə, qeyd edilən həcmdən 70,9 milyon kilovatsaatı Şəmkir SES-in, 26,2 milyon kilovatsaat isə Yenikənd SES-in payına düşür.

Qeyd edək ki, cari ilin 7 ayı ərzində 981 milyon kilovatsaat proqnoza qarşı, 993,1 milyon kilovatsaat elektrik enerjisi istehsal edilib. O cümlədən, Şəmkir SES-də 704,5 milyon kilovatsaat proqnoza qarşı 711,3 milyon kilovatsaat, Yenikənd SES-də isə 276,5 milyon kilovatsaat proqnoza qarşı 281,8 milyon kilovatsaat elektrik enerjisi istehsal edilib.

Stansiyanın indiki vəziyyətinə uyğun olaraq, aparılmış yenidənqurma işləri nəticəsində göstəricilər yüksəkdir. O cümlədən, xüsusi sərfiyyat üzrə elektrik enerjisinə ötən ay, həm də 7 aylıq yekunlara görə nəzərə çarpacaq dərəcədə qənaət edilib. Belə ki, enerjinin xüsusi sərfiyyatına ümumilikdə, 7 aylıq göstəriciyə görə 81,1 milyon kilovatsaat, o cümlədən iyul ayında isə 7,2 milyon kilovatsaat elektrik enerjisinə qənaət edilib.

Yeri gəlmişkən, sözügedən göstərici üzrə Şəmkir SES-də ötən ay 3 milyon kilovatsaat, 7 aylıq yekuna görə isə 42,7 milyon kilovatsaat qənaət əldə edilib. Yenikənd SES üzrə bu göstərici müvafiq olaraq 4,2 milyon kilovatsaat və 38,4 milyon kilovatsaat olub.